16:33 13-01-2021
news_image
1396
FUTBOL

“Beşiktaş” və “Fənərbaxça”nın sabiq hücumçusu ilə maraqlanır – “Sumqayıt”

Qış fasiləsində heyətinə 3 futbolçu cəlb edən “Sumqayıt” axtarışlarını davam etdirir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, klub prezidenti Riad Rəfiyev əsasən ölkə xaricində çıxış edən Azərbaycan və Türkiyə əsilli oyunçularla bağlı araşdırma aparır.

“Kimyaçılar”ın rəhbərinin transfer siyahısında adı olan futbolçulardan biri də Portuqaliyanın ikinci liqa təmsilçisi “Varzim”də çıxış edən Yusuf Mərt Tuncdur. İkinci yarıda Əli Qurbani ilə Mehdi Şərifidən ibarət hücum tandemi təşkil etməyi düşünən baş məşqçi Ayxan Abbasov indidən növbəti mövsümün planlarını qurur. Çalışdırıcının istəyinə uyğun ön xətt oyunçusu axtaran rəhbərliyin ilk namizədi məhz Yusufdur. Danışıq uğurlu alınarsa, onun hətta bu ay icarəyə götürülməsi də mümkündür.

“Varzim”ə ötən ilin yayında “Fənərbaxça”dan keçən 21 yaşlı forvardın portuqaliyalılarla müqavilə müddəti 2023-cü ilin yayına qədərdir. Gənc oyunçu cari mövsüm 14 çempionat matçında 1 qola imza atıb.

Qeyd edək ki, “Beşiktaş”ın yetirməsi olan Yusuf Tunc 2017-2020-ci illərdə müqavilə ilə “Fənərbaxça”ya məxsus olub. Ancaq aşağı yaş qrupu komandalarında, eyni zamanda icarə əsasında “Boluspor”da çıxış edib.