14:12 14-01-2021
news_image
848
FUTBOL

“Qəbələ” istədiyini tapdı – “Lvov” və “Dila”da

Qış transfer dönəminin passiv komandalarından “Qəbələ” susqunluğunu pozmaq istəyir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “qırmızı-qaralar” hücum xəttinə iki əcnəbi namizədi müəyyənləşdirib.

Yüksək məbləğdə məvacib səbəbindən Ceyms Adeniyi ilə yollarını ayırmağı düşünən rəhbərlik axtardığı hücumçuları Ukrayna və Gürcüstanda tapıb. Baş məşqçi Elmar Baxşıyevin siyahısında olan oyunçular “Lvov”un sol cinah vingeri Joze Vitor və “Dila”nın mərkəz forvardı Nikolay Kovtalyukdur. Onların tələb etdiyi maaş Premyer Liqa klubunun büdcəsinə uyğun olarsa, danışıqlar intensivləşəcək və ən azı biri transfer ediləcək.

Tam adı Joze Vitor Rodriges da Silva dos Santos olan braziliyalı vinger hücumun sağında və mərkəzində də çıxış edə bilir. Pernambuko ləqəbi ilə tanınan 23 yaşlı oyunçu son bir ili icarə əsasında Tbilisi “Dinamo”sunda keçirib və yenicə Ukrayna klubuna dönüb.

Ukraynalı ucaboy forvard Nikolay Kovtalyuk isə 2019-cu ilin yayından “Dila”da çıxış edir. 26 yaşlı futbolçu karyerası ərzində Ukrayna və Gürcüstanla yanaşı, 5 ay da Cənubi Koreyada oynayıb.