19:24 14-01-2021
news_image
210
FUTBOL

“Məni yetişdirən adam köməkçim ola bilməz” – Rəşad Sadıqov

“Təlim-məşq toplanışını son yoxlama görüşü ilə tamamladıq. Ümumilikdə hər şeydən razıyam”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”la keçirilən yoxlama görüşündən sonra deyib.

Gənc mütəxəssis 3:3 hesabı ilə başa çatan görüşdən sonra transfer planları barədə məlumat verib. O, iki oyunçu heyətə qatmaq fikrində olduqlarını bildirib: “Seleksiya məsələlərində işlər istədiyim kimi qaydasında getmir. Transfer dönəmində belə hallar olur. Bəzən istədiyin vaxt keçid alınmaya bilər. İstədiyimiz futbolçularla danışıq müsbət yekunlaşsa, yaxın günlərdə komandaya dəvət etməyi fikirləşirik. Həmin futbolçuların maddiyatına da önəm veririk. Məsələn, iki oyunçu gətirsək, sonra baxacağıq ki, üçüncüyə imkanımız çatır, ya yox. Bu gün üçün iki transfer düşünürəm. Əsasən mərkəz yarımmüdafiəçisinə ehtiyacımız var. Ön xətti də gücləndirmək istəyirik. Hazırda hücumda 4-5 oyunçumuz var. Çempionatda 15 matçımız olacaq, həmçinin ölkə kubokunda mübarizə aparacağıq. Bu səbəbdən rəqabətə ehtiyacımız var. İlk yarıda heyət kasadlığından çox əziyyət çəkdik”.

Sadıqov yenicə köməkçi məşqçi təyin olunan Vaqif Paşayevlə bağlı fikirlərini də bölüşüb: “Bura gəldiyim ilk gündən Vaqif Paşayevi gətirmək planımda var idi. Peşəkar məşqçiliyə başlayandan Vaqif müəllimlə bir yerdə olmaq planımda olub. Formal olaraq köməkçi məşqçi olacaq. Amma amma məni yetişdirən adam köməkçim ola bilməz. Bunu yaraşdırmaram. Mən ona köməkçi məşqçi olaram. Məşqçi heyətimizin ağsaqqalı, məsləhətçisi kimi ona ehtiyacımız var. Sağ olsun, razılaşdı”.