19:25 14-01-2021
news_image
165
FUTBOL

Müdafiəçisinin “Benfika”ya transferindən pul qazanacaq - “Zirə”

“İki klub arasındakı razılaşmaya əsasən Cəlal Hüseynov yanvarın 3-dən 16-dək “Benfika”nın toplanışında olmalı idi. Amma viza problemi ortaya çıxdı”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov komandanın gənc futbolçusu Cəlal Hüseynovun Portuqaliyanın “Benfika” klubuna mümkün keçidi barədə danışarkən deyib.

Sadıqov 18 yaşlı oyunçunun Portuqaliyaya yollanmasında problem yaşadıqlarını etiraf edib: “Belə problemlə qarşılaşacağımızı düşünmürdük. Hətta “Benfika” rəhbərliyi də səfirliyə vizanın həlli üçün müraciət etdi. Artıq yeni müddət təyin olunur. Dünən iki klub arasında danışıq oldu. Orada koronavirusa yoluxma sayı çoxalıb. Ola bilsin ki, sərtləşdirilmiş karantin elan eləsinlər və hava limanını bağlasınlar. Bu səbəbdən elə vaxt müəyyənləşdirmək istəyirik ki, uyğun olsun. İstənilən halda futbolçu nəzarətdə saxlanılır. Onunla bağlı bizdən materiallar istənilir. “Benfika” ilə sıx əlaqədəyik. Cəlala görə bu keçidin baş tutmasını çox istəyərdim. O, bizim üçün çox önəmli oyunçudur, matçlarda iştirak edir, əsas heyətə doğru yaxınlaşır. Gələn il artıq limitdə onu əsas heyət üzvü kimi oynatmağı düşünürdüm. Amma belə bir gedişin qarşısını ala bilmərəm. Əksinə, hər cür şərait yaratmağa çalışıram. Cəlalla hərtərəfli söhbətlər aparırıq, psixoloji cəhətdən də hazırlamağa çalışırıq ki, orada çətinliklə üzləşməsin. Gedişi Azərbaycan futbolu üçün yaxşı olar”.

39 yaşlı çalışdırıcı Hüseynovun keçidinin baş tutacağı təqdirdə, “Zirə”nin maliyyə qazancı götürəcəyini deyib: “Benfika” kimi böyük klublarda iki cür seleksiya olur. Biri var bu gün üçün nəzərdə tutulan transfer, biri də var gələcək üçün planlaşdırılan. Onlar da Cəlalı nə üçün transfer etdiklərini bilirlər. Bizə aydındır ki, bu, gələcəyə yönələn addımdır. İnşallah, ona veriləcək şansdan istifadə edər. Əsas odur ki, ilk baxışdan keçə bilsin. İki komanda arasında müqavilənin şərtləri var. Cəlal baxışdan uğurlu keçsə və transfer baş tutsa, “Zirə” də gəlir əldə edəcək”.