10:05 15-01-2021
news_image
923
FUTBOL

“Həyatla ölüm arasındayıq” – “Səbail”in qapıçısı

“Səbail”in qapıçısı Nikolas Hagen Qvatemala yığmasına dəvət olunmayıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb Bakı klubunun Azərbaycan Premyer Liqasının ikinci yarısına hazırlaşmasıdır.

Hagen Puerto-Riko ilə yanvarın 23-də və 26-da keçiriləcək yoldaşlıq görüşlərinə çağırılmayıb. Qolkiper ölkəsinin mətbuatına açıqlamasında hazırda bütün diqqətini “Səbail”in oyunlarına yönəltdiyini söyləyib. O, martda DÇ-2022-nin seçmə mərhələ matçlarında yığmaya qoşulacağına inanır: “Millidəki dostlarımla daim ünsiyyətdəyəm. Onlar mənə yığmanın oyunları barədə məlumat verirlər. Kənarda olsam da, həmkarlarıma dəstəyimi davam etdirirəm. Puerto-Riko ilə oyunlar FİFA-nın pəncərəsinə daxil deyil. Ancaq martdakı rəsmi qarşılaşmaları birlikdə qazanmalıyıq”.

Bütün dünyanın koronavirusla mübarizə apardığını vurğulayan 25 yaşlı qapıçı yenə də DÇ-2022-nin final mərhələsi arzusunda olduğunu deyib: “Mürəkkəb bir mərhələdəyik. İndi həyatla ölüm arasındayıq. Dünya çempionatına vəsiqə üçün çalışmaq istəyirik. Bunu bacarmaq üçün də hər şeylə mübarizə aparmalıyıq”.