11:14 18-01-2021
news_image

Rüstəm Orucov zirvəni əldən verdi - İrina Kindzerska yüksəldi

Beynəlxalq Cüdo Federasiyası (İJF) dünya reytinqini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Qətərin paytaxtı Dohada keçirilən “World Masters” turniri cədvəldə bir sıra dəyişikliklərə səbəb olub.

Azərbaycan millisinin 7 cüdoçusu “Top-20”də yer alıb. Ən yaxşı təmsilçilərimiz ikinci sırada qərarlaşan Rüstəm Orucovla (73 kq) İrina Kindzerskadır (+78 kq).

Zirvəni əldən verən Orucov 1 pillə geriləməklə 6575 xala malikdir. 6564 xalı olan Kindzerska isə bir addım irəliləyib.

Mövqeyini 4 pillə pisləşdirən Məmmədəli Mehdiyev (90 kq) 4309 xalla 9-cudur. Eyni qədər irəliləyişə imza atan Zelim Kotsoyev (100 kq) aktivini 4327-yə çatdıraraq ilk “onluğ”u qapayır.

4100 xalı olan Elmar Qasımov (100 kq) 11-ci, 2794 xala malik Orxan Səfərov (60 kq) 18-cidir. Onlar hərəyə bir pillə geriləyib. Hidayət Heydərov artıq çıxış etmədiyi 73 kq çəki dərəcəsində 2 addım aşağı yuvarlanmaqla 3346 xalla 13-cüdür.

Qeyd edək ki, 2518 xala malik Uşangi Kokauri 2 pillə gerilədiyindən “Top-20”dən kənar qalıb. O, hazırda 21-ci sıradadır.