16:28 19-01-2021
news_image
1723
FUTBOL

“Qarabağ”dan ayrıldı - Nurlan İbrahimov

“Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov Ağdam klubundan ayrılıb.

Apasport.az saytının məlumatına görə, bunu sabiq klub rəsmisi feysbuk səhifəsində açıqlayıb.

UEFA-nın qərarı ilə futbol fəaliyyətindən uzaqlaşdırılan İbrahimov “Qarabağ”dakı karyerasını bitirdiyini bəyan edib: “15 illik “Qarabağ” macəram başa çatdı. Bu cümlənin ağırlığı həyatımın hardasa yarısı qədər olan zamanının 1 göz qırpımındakı çəkisinə bənzəyir. Amma hər başlanğıcın sonu qaçılmaz olur(muş) və mən də 15 il sonra geridə qalan illərin titrətdiyi barmaqlarımı bunu yazmağa məcbur etməliyəm. Həyatımın ən ağır mesajını yazmaq gücünü tapmaq, o sözlərin udğuntusunu ifadə etmək hər damlada yatan xatirələrin sızıntısı qədər təsvirounmazdır...”.

Sabiq klub rəsmisi “Qarabağ”da keçirdiyi 15 ilin dəyərini vurğulayıb: “15 il - bu bir iş, karyera, görəv müddəti deyil. 15 il iş-vəzifə anlayışı olmur. 15 il xəyaldır, cəfadır, səfadır. Uğrunda savaşdığın, xəyal qurduğun sevgidir, amaldır. 22 yaşında “Qarabağ”ın idmandan yazmağı bacaran, ingilis dili bilən birini axtarışıyla başladı bu yol. O vaxt 2 balaca otaqlı mənzilində “Qarabağ” futbol klubundan daha çox eyniadlı bölgənin nisgili idi. Çempionluqlar, avrokuboklar, Çempionlar Liqası xəyallarımızın isti köşəsində soyuq bir ilğım idi. Yavaş-yavaş böyü(yür)dü “Qarabağ”. Yıxıla-dura, bəzən ayağına atılan daşları sancısını içinə alaraq, öyrənə-öyrədə, öncə xəyalını qurub sonra onu gerçəkləşdirmək yolunda xırda amma əmin addımlarla yürüməyə başladı”.

İbrahimov klubla birlikdə addımladığı dövrü xatırlayıb: “Mən də ordaydım, bəzən yanında, bəzən bərabər addımlayırdıq “Qarabağ”la. Amma içimizdə mən-sən olmadığına görə “Qarabağ” inanılmazı bacar(ır)dı. “Qarabağ” bu yola çıxanda xəyalını inamıyla böyütdü, inandıraraq yürüməyə başladı. O dərəcədə inandırdı ki, çempionluğun belə müşkül göründüyü məqamda diktorun əlindən mikrofonu alıb “Haydı azarkeşlərimiz, Çempionlar Liqası sizi gözləyir” avantürasının cəsarətin təntənəsinə çevirdi. Bu cəsarət təsəllisi çempionluqlar, kuboklar, Avropa Liqası və Çempionlar Liqası oldu, 114 avrokubok oyunu. Bu 15 il “Qarabağ” mənə inanılmaz dəyərlər qazandırdı. Klubun prezidentindən tutmuş ən sıravi çalışanına qədər öyrəndiyim, qazandığım o qədər anlamlı şey var ki... Onların hər birinə ehtiramımı, təşəkkürümü necə ifadə etsəm belə yetərli olmayacaq. Bir-bir ad çəksəm, kiməsə haqsızlıq edə bilərəm.  Amma “Qarabağ”da üzərimdə əməyi olan hər bir şəxsin qarşısında baş əyirəm. Bu 15 il inanılmaz dostlar, insanlar qazandırdı. Bəzən, heç vaxt qarşılaşmadığım insanların dəstəyini, ehtiramını göstərdi. Göstərdi ki, əgər bir işə canını, qanını, sevgini qatarsansa uğur sənlə insanlar arasında isti bir təbəssümə çevrilər. Ən sonda, göz yaşlarımı qürur təşnəsinə çevirən ən böyük amil! 15 illik “Qarabağ”ımın məqamında adım haqq yemək, talan, qarət kimi nəsnələrdə hallanmadı. “Qarabağ”la vicdan və əxlaq duyğusunu qürurla 15 il daşımağa çalışdım. Allaha həmd olsun ki, “Qarabağ”ımdan ayrılmağıma səbəb talan, qarət kimi şeylər yox, “Qarabağ Azərbaycandır” etiqadına etiraz edənlərə qarşı çıxmağım, buna susmamağım oldu. Bəlkə də, 200 ildir Azərbaycan(lılar)a edilən istibdada qarşı hayqırtımın işdən ayrılmağıma səbəb olması 15 ilimə verilən ən gözəl töhfə oldu. Bu başlanğıcın sonu deyil. Əsl dəyərlər əsla sonlanmır. Yaza bilən, görən, duyan hər kəsə deyirəm: “Haqqınızı halal edin, nə haqqım varsa halal olsun”.