16:41 06-08-2008
news_image
2293

Yay Olimpiya Oyunları tarixində qeydə alınan ən maraqlı məqamlar

1896 - Afina (Yunanıstan): İlk Olimpiya çempionu üç təkanla tullanma yarışında birinci yeri tutan ABŞ idmançısı Ceyms Konnoli olub. Həmin Olimpiadada qadın idmançı çıxış etməyib.

1900 - Paris (Fransa): Qadınlar ilk dəfə bu Olimpiadada qüvvələrini sınayıblar.

1904 - Sent-Luis (ABŞ): ABŞ-ın məkanca uzaqda yerləşməsi səbəbindən Olimpiadaya cəmi 12 ölkə qatılıb. Avropanın bir çox ölkəsinin təmsil olunmadığı yarışa Beynəlxalq Olimpiya Komitəsinin o vaxtkı prezidenti Pyer de Kuberten də getməyib.

1908 – London (İngiltərə): Əvvəlcədən Olimpiadanın İtaliyada keçirilməsi nəzərdə tutulub. Lakin İtaliyadakı iqtisadi böhran üzündən mötəbər yarışın İngiltərə paytaxtında keçirilməsi qərara alınıb. Olimpiya Oyunları zamanı Rusiya Finlandiya, İngiltərə və İrlandiyanın bayraqlarını etirazla qarşılayıb.

1912 – Stokholm (İsveç): Beynəlxalq Federasiyalar bu oyunlarda qeydə alınan ən yüksək nəticələrin dünya rekordu kimi qəbul edilməsi haqda qərara gəliblər.

1916 – Berlin (Almaniya): I Dünya Müharibəsi ilə əlaqədar Olimpiya Oyunları keçirilməyib.

1920 – Antverpen (Belçika): Atletika yarışlarında birinci yeri tutan ABŞ idmançısı Morris mükafatlandırma mərasimindən sonra paltardəyişmə otağına yollanıb. Lakin qapı bağlı olduğu üçün o, pəncərədən içəri girib. Polislər isə idmançını oğru hesab edərək, məhkəməyə aparıblar.

1924 – Paris (Fransa): Olimpiada çərçivəsində futbol matçlarına qatılan Argentina, Çexoslovakiya və Uruqvay idmançılarının peşəkar futbolçu olduqları üzə çıxıb. Yarışın həvəskar ruhuna zidd sayılan bu addımın nəticəsi kimi Olimpiadaların yaradıcısı Baron Pyer de Kuberten Beynəlxalq Olimpiya Komitəsinin prezidenti postundan istefa verib.

1928 – Amsterdam (Hollandiya): Qadınlar ilk dəfə atletika yarışlarına qatılıblar. Bundan başqa ilk dəfə Olimpiya məşəli yandırılıb.

1932 – Los-Anceles (ABŞ): Antverpen, Paris və Amsterdam Olimpiadalarında üst-üstə 10 qızıl medal qazanan və Uçan finli» adlandırılan Paavo Nurminin (Finlandiya) ABŞ-da da çıxış etməsinə imkan verilməyib. Onu peşəkar idmançı hesab edərək, yarışa buraxmayıblar. Bununla yanaşı, vaxtı avtomatik qeydə alan cihaz və foto-finiş alətindən ilk dəfə bu Olimpiadada istifadə olunub.

1936 – Berlin (Almaniya): Almaniyanın lideri Adolf Hitler Olimpiadadan sisteminin və ideologiyasının təbliğatını aparmaq məqsədilə yararlanıb. ABŞ-ın zənci atleti Cessi Ouens isə 4 qızıl medal qazanaraq, A.Hitlerin “üstün irq” anlayışının həqiqəti əks etdirmədiyini sübuta yetirib. İlk dəfə Yunanıstandakı Olimp dağında yandırılan məşəl 7 ölkə ərazisindən keçməklə, 3 min idmançı tərəfindən daşınıb və stadiona gətirilib.

1940 – Helsinki (Finlandiya): II Dünya müharibəsi ilə əlaqədar keçirilməyib.

1948 – London (İngiltərə): Olimpiya çempionu, danimarkalı üzgüçü Qred Andersen 400 metr məsafəyə yarışın sonlarında hovuzda huşunu itirib. Boğulma təhlükəsi ilə üzləşən üzgüçünü tribunadan suya tullanan bir qadın tamaşaçı ölümdən xilas edib. Hollandiya təmsilçisi, 2 uşaq anası olan 30 yaşlı atlet Fanni Blankers Koen 4 qızıl medal qazanıb.

1952 – Helsinki (Finlandiya) – Keçmiş SSRİ-nin yığma komandası ilk dəfə bu Olimpiadaya qatılıb. Komandanın tərkibində Azərbaycanın 3 idmançısı – Rəşid Məmmədbəyov, İbrahimpaşa Dadaşov (hər ikisi sərbəst güləş), Xandadaş Mədətov (atletika) yer alıb. Onlardan R.Məmmədbəyov gümüş medala sahib çıxıb.

1956 – Melburn – Stokholm (Avstraliya - İsveç): Keçmiş SSRİ qoşunlarının Macarıstanı işğal etməsi ilə əlaqədar Olimpiada zamanı baş tutan su polosu qarşılaşması zamanı iki ölkənin yığma komandalarının oyunçuları arasında toqquşma baş verib. Avstraliya qanunlarına əsasən, ölkəyə heyvanların girişi qadağan edildiyindən, atçılıq yarışları İsveçin paytaxtı Stokholmda keçirilib.

1960 – Roma (İtaliya): Efiopiyalı atlet Abebe Bikila marafon qaçışında çılpaq ayaqla hamını qabaqlayaraq, birinci olub. O, Afrika idmançıları arasında öz ölkəsinin bayrağı altında qızıl medal qazanan ilk Olimpiya çempionu kimi tarixə düşüb.

1964 – Tokio (Yaponiya): Olimpiya şəhərciyində asılan Türkiyənin bayrağı oğurlanıb. Həmin bayraq tapılmadığından, yerinə daha böyük ölçüdə olanı asılıb.

1968 – Mexiko (Meksika): ABŞ-ın zənci atletləri Tommi Smitlə Con Karlos fəxri kürsüdə ikən bu ölkənin himni çalındığı vaxt əllərini qaldıraraq, etiraz ediblər. Bu səbəbdən, onlar komandadan kənarlaşdırılıblar.

1972 – Münhen (Almaniya): Həbsə alınan 200 fələstinlinin azadlığa buraxılması tələbilə bir terror təşkilatı tərəfindən İsrail nümayəndə heyətinə basqın edilib. Nəticədə 11 israilli idmançı, 1 almaniyalı və 5 nəfər terror üzvü ölüb. Baş vermiş hadisə ilə əlaqədar yarışlara 34 saatlıq fasilə verilib.

1976 – Monreal (Kanada): Afrikanın 20 ölkəsi Cənubi Afrika Respublikası yığması ilə reqbi matçında görüşən Yeni Zelandiyanın Olimpiadadan kənarlaşdırılmasını tələb edib. Beynəlxalq Olimpiya Komitəsi bu tələbi yerinə yetirməyib. Nəticədə Afrika ölkələri Olimpiya Oyunlarında iştirakdan imtina edib.

1980 – Moskva (SSRİ): Keçmiş SSRİ qoşunlarının Əfqanıstanı işğal etməsi ilə əlaqədar ABŞ, Kanada, Almaniya, Yaponiya kimi böyük dövlətlərin də yer aldığı 66 ölkə Olimpiadanı boykot edib.

1984 – Los-Anceles (ABŞ): SSRİ əvvəlki Olimpiadanı boykot edən ABŞ-a cavab olaraq, lazımi təhlükəsizlik tədbirləri görülməməsini səbəb göstərib və Olimpiadaya qatılmayıb. «Varşava müqaviləsi»nə qoşulan ölkələrdən isə yalnız Rumıniya yarışda təmsil olunub.

1988 – Seul (Cənubi Koreya): Olimpiadada 33 yeni rekord qeydə alınıb. Tanınmış atlet Ben Consonun dopinqdən istifadə etdiyi üzə çıxıb.

1992 – Barselona (İspaniya): Keçmiş SSRİ sonuncu dəfə Müstəqil Dövlətlər Birliyi adı altında Olimpiadada mübarizə aparıb.

1996 – Atlanta (ABŞ): Azərbaycan müstəqil ölkə kimi ilk dəfə Olimpiadada təmsil olunub. 23 idmançımızın mübarizə apardığı yarışda sərbəst güləşçimiz Namiq Abdullayev gümüş medal qazanıb. Digər tərəfdən, yeni terror aksiyası qeydə alınıb. Olimpiya şəhərciyində bombanın partlaması nəticəsində 1 amerikalı və 1 türk jurnalist dünyasını dəyişib.

2000 – Sidney (Avstraliya): Azərbaycanın Olimpiya yığması ilk dəfə vətənə qızıl medallarla qayıdıb. Sərbəst güləşçimiz Namiq Abdullayevlə stend atıcımız Zemfira Meftahəddinova Olimpiya çempionu adını qazanıblar. Boksçumuz Vüqar Ələkbərov isə bürünc medala sahib çıxıb. 2 qızıl, 1 bürünc medala yiyələnən Azərbaycan millisi 199 ölkə arasında 34-cü yeri tutub.

2004 – Afina (Yunanıstan): Daha çox dopinq qalmaqalları ilə Olimpiadalar tarixinə düşüb. 21 idmançının orqanizmindən istifadəsi qadağan olunmuş maddə tapılıb. İdmançılarımız 1 qızıl, 4 bürünc medal qazanıblar.