12:48 20-01-2021
news_image
629
FUTBOL

Mert Çelikin arzusu - MÜSAHİBƏ

"Neftçi”nin müdafiəçisi Mert Çelik klubunun rəsmi saytına müsahibə verib. 

Apasport.az saytının məlumatına görə, Bakının tarixi yerlərini kəşf etmək, işğaldan azad olunmuş torpaqlarımızı görmək istədiyini bildirən 20 yaşlı futbolçunun ən böyük arzusu Azərbaycan milli komandasının formasını geyinməkdir.

- Mert, artıq 4 aydır "Neftçi”dəsiz. Azərbaycanın ən köklü klubunda özünü necə hiss edirsiz?
- Sanki 4 ay deyil, 4 ildir "Neftçi”nin formasını geyinirəm. Gəldiyim gündən bəri klubun böyüklüyünü hiss edirəm. Bu forma ilə mübarizə aparmaq, bu ailənin üzvü olmaq qürurvericidir.

- Komandaya, şəhərə tam uyğunlaşa bilmisizmi?
- Klub prezidentinin, məşqçilərin və klubdakı digər çalışanların mənə qarşı isti münasibəti bura uyğunlaşmağımı çox asanlaşdırdı. Özümü evimdəki kimi hiss edirəm. Pandemiya səbəbindən gəzib görə bilmədiyim bu gözəl şəhərin tarixi yerlərini ən qısa zamanda kəşf etməyi arzulayıram. Xüsusilə, işğaldan azad olunmuş Qarabağı çox görmək istəyirəm.

- Pandemiya səbəbindən oyunlar azarkeşsiz keçirilir. Buna görə də hələ ki "Neftçi” fanatlarını görməmisiz. Onlar sizə yazıb, əlaqə saxlayırlarmı?
- Ən böyük üzgünlüyüm bu böyük azarkeş ordusu qarşısında oynamamaqdır. "Neftçi” mənimlə maraqlananda azarkeşlərin videolarına baxmağa başladım. Bu məni çox həyəcanlandırdı. Azarkeşlərimiz mənə sosial şəbəkələr vasitəsilə çox dəstək verirlər. Buna görə onlara çox minnətdaram.

- Bu müddət ərzində meydana çıxdığın 6 çempionat oyununda inamlı təsir bağışlamısız. Müdafiə xəttindəki daha təcrübəli futbolçularla rəqabətdən çəkinmirsiz ki?
- Hər matç daha yaxşı oynamaq və komandama faydalı olmaq üçün çox çalışıram. Təcrübəli futbolçular mənə daim dəstək olurlar.

- Hazırda təlim-məşq toplanışı davam edir. Toplanış necə keçir?
- Hazırlıq yaxşı keçir, çox yaxşı məşq edirik. Çempionatın başlanmasını səbirsizliklə gözləyirəm.

- Hazırlıq çərçivəsində iki sınaq matçı keçirmisiz və hər ikisində də start heyətində yer almısız. Öz oyununuzdan, hazırkı formandan razısanmı?
- Həmişə daha yaxşı oynamaq istəyirəm. Hədəflərim böyükdür. Buna görə də çox çalışıram.

- Qarşıdan "Səbail”lə rəsmi matç gəlir. Həmin oyundan nə gözləyirsiz?
- "Neftçi” kimi böyük komanda rəqibin kimliyindən asılı olmayaraq, hər matça qələbə qazanmaq üçün çıxır. Komandanın bütün üzvləri hər oyunda qalib gəlmək və çempion olmaq istəyir.

- Azərbaycanın U-21 milli komandasının üzvüsüz. Üstəlik, keçən ilin noyabrında ilk dəfə əsas milli komandanın düşərgəsinə dəvət olunduz. Meydana çıxmasaz da, dəvət olunmağınız millinin məşqçilər korpusunun diqqətini cəlb etməyiniz anlamına gəlir. Necə düşünürsüz, milliyə yenə çağırılacaqsız?
- Əsas milli komandada oynamaq ən böyük arzumdur. Azərbaycan xalqını ən yüksək səviyyədə təmsil etmək istəyirəm. Ümid eləyirəm, əsas milli komandaya yenə dəvət alaram və uzun illər bu müqəddəs formanı uğurla tərlədərəm.