09:53 21-01-2021
news_image
471
FUTBOL

“Qarşımıza konkret tapşırıq qoyulub” – millimizin kapitanı

“Toplanışımız davam edir. Fiziki hazırlığı yüksəltmək istiqamətində çalışmalar edirik. Əhval-ruhiyyə yaxşıdır”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev deyib.

Yanvarın 18-dən təlim-məşq toplanışını Bakı İdman Sarayında davam etdirən yığmamız əsasən fiziki çalışmalara üstünlük verir. 11 aydan sonra idman zalında 3 məşq keçən komanda yanvarın 29-da Slovakiya ilə qarşılaşacaq.

Hazırlıqla bağlı federasiyanın rəsmi saytına açıqlama verən Fərzəliyev qarşıya konkret məqsədin qoyulduğunu bildirib: “Çoxdan idi zalda məşq etmirdik, yenidən sevimli məkanımıza dönməyimiz komanda üzvlərini sevindirməyə bilməzdi. Qarşıda bizi qrup liderliyinə iddialı Slovakiya ilə ağır oyun gözləyir. Əlbəttə, rəqibin kimliyindən asılı olmayaraq qarşımıza konkret tapşırıq qoyulub. Biz bu qrupdan qalib kimi final mərhələsinə vəsiqə qazanmalıyıq. Bilirəm, uzun müddət parketdən kənarda qalmağımız çətinlik yaradacaq. İdmançı həyatı elədir ki, gərək məşqləri fasiləsiz, daimi edəsən. Amma mövcud vəziyyətlə əlaqədar zallar bağlandı və biz ən yaxşı halda açıq havada məşq etməklə formamızı qorumağa çalışdıq. Süni örtüklə parketi isə müqayisə etmək olmaz”.

Təcrübəli futzalçı çətinliklərdən də danışıb, komandanın oyuna hazır olacağına inandığını vurğulayıb: “Müəyyən çətinliyimiz var. İlk növbədə zala uyğunlaşmağa çalışırıq. 11 ay az müddət deyil. Yanvarın 29-na qədər isə bu və digər çatışmazlığı aradan qaldırmalıyıq. Bunu bacaracağımıza inanıram. Bu bir həftədən maksimum yararlanmalıyıq”.

Üçüncü qrupda yer alan millimizin rəqiblərinə yaxından bələd olduqlarını deyən kapitan Slovakiyanı fərqləndirib: “Hər 3 komandanın gücünə bələdik. Xüsusilə də, Slovakiya ilə son illərdə daha çox qarşılaşmışıq. Qrup mərhələsinə onlarla duellə start verəcəyik. Bakıdakı oyunda qələbə qazanmalıyıq ki, özünə inam artsın, həm də əsas rəqibimizi qabaqlaya bilək, eyni zamanda, Yunanıstan səfərinə yüksək əhval-ruhiyyədə yollanaq. Doğma meydan amili də bizə üstünlük qazandıracaq. Matçın azarkeşsiz keçirilməsi təəssüf doğurur. Ancaq pandemiya ilə əlaqədar verilmiş qərara hörmətlə yanaşmalıyıq”.