12:52 21-01-2021
news_image
4661
FUTBOL

Mehman Alışanov: “Futbol bu sahəyə yad adamların əlinə keçib” - OFSAYD

Onu hər kəs futbolçu karyerasından çox, Azərbaycan çempionatları tarixində vurulan ilk qolun müəllifi kimi xatırlayır.

Peşəkar karyerasına “Qarabağ”da başlayan sabiq yarımmüdafiəçi həyatın hər üzünü görüb. SSRİ-nin yeniyetmələrdən ibarət yığmasında oynasa da, müstəqillik illərində Azərbaycan millisində oynamayıb. 40 yaşına qədər çıxış etsə də, son 10 ilini birinci divizionda keçirib. Fəhləlik də edib, məşqçilik də. Hətta ömrünün 5 ilini həbsxanada keçirib.

Beləliklə, apasport.az saytının “Ofsayd” rubrikasının bu dəfəki qonağı 52 yaşlı Mehman Alışanovdur. Mingəçevir futbol məktəbinin yetirməsi olan Alışanov karyerasından, futbol əfsanəsi Anatoli Banişevski ilə tanışlığından, həbsxana həyatından və futbolumuzun bu günündən danışıb...

“Administrator, ikinci məşqçi də oynadı, heyəti birtəhər düzəltdik”
- Uzun müddətdir futboldan kənarda qalmısınız. Dolanışığınızı necə çıxarırsınız?
- Bəli, heç nə ilə məşğul deyiləm, işsizəm. Uşaq futbolunda işləyirdim, pandemiyaya görə çoxdandır məşqlər dayandırılıb. İki oğlum var, onlar işləyirlər, dolanırıq. Oğlumun biri futbolla məşğul idi. Topla yaxşı rəftar edirdi, texnikalı idi. Mənim başıma gələn hadisələrdən sonra əsgərliyə getdi. Yiyəsiz qaldı, futbolu davam etdirə bilmədi.

- 1992-ci ildə Azərbaycan çempionatları tarixində ilk qolun müəllifisiniz. Həmin oyunu və vurduğunuz qolu necə xatırlayırsınız?
- Həmin vaxt “Qarabağ” Ağdamda çıxış edirdi, kənardan gəlmə futbolçular çox idi. Müəyyən narazılıqlar var idi, digər rayonlardan olan oyunçularımız komandaya hələ qayıtmamışdılar. İlk oyunumuz Sabirabad “İnşaatçı”sına qarşı idi. Komandanın administratoru, ikinci məşqçisi də oynadı, heyəti birtəhər düzəltdik. 1:2 hesabı ilə uduzmuşduq. Vurduğum qola gəlincə, Cavanşir Novruzov sağ cinahdan ötürmə verdi, qapıçını qabaqlayıb topu boş qapıdan keçirdim.

“Banişevski yanındakılardan soruşub ki, bu Maradona kimdir?”
- 1985/86 mövsümündə “Avtomobilçi”də Anatoli Banişevskinin rəhbərliyi altında çıxış etmisiniz. O, necə insan idi?

- Əla insan idi. Futbolçularla təkcə məşqçi yox, ata kimi davranırdı. Son vaxtlar Burkina-Fasoda işlədi, orada xəstəliyə yoluxdu. Ölkədən kənarda olduğu üçün unuduldu, xəstə vaxtı gələndə də artıq gec idi. Şübhəsiz ki, Banişevski Azərbaycan tarixinin ən yaxşı futbolçusudur. Həm yaxşı futbolçu, həm də gözəl insan idi. SSRİ yığmasında oynayan futbolçunu kim istəməzdi? Kiyev “Dinamo”sundan, Moskva “Spartak”ından, “Dinamo”sundan təkliflər almışdı, amma Azərbaycanı, “Neftçi”ni tərk eləməmişdi. “Neftçi” birinci liqaya düşdü, yenə getmədi. Hətta müharibə vaxtı çox adam qaçdı, ancaq Banişevski qaldı. Evi Gənclik metrosunun yanında idi, stadiona yaxın qalırdı.

- Banişevski sizə Maradona ləqəbini verib. Həmin ləqəbin tarixçəsi necə yaranıb?
- Həmin vaxt Ukraynanın Luqansk şəhərində idman internatında oxuyurdum. “Zarya”nın da əvəzedici heyətində oynayırdım. 10-cu sinifdə oxuyanda məzuniyyətə gəlmişdim. Ukraynada fasilə olanda burada oyunlar keçirilirdi. “Avtomobilçi” də kubok matçında Gürcüstan və ya Ermənistan komandası ilə oynayırdı. Qarşılaşmaya baxmağa getmişdim, məşqçim Ənvər Nəsibovla stadionda görüşdüm. Dedi ki, oynamaq istəyirsənsə, Banişevskidən xahiş edim, forma düz-qoş eləsin. Həmkarlar İttifaqının kuboku olduğundan, protokola baxan yox idi. Görüşün sonuna 25 dəqiqə qalmış məni meydana buraxdılar. Yaxşı oynadım, saçım da uzun idi deyə Banişevski yanındakılardan soruşub ki, bu Maradona kimdir belə əla çıxış edir? 3:0 hesablı qələbə qazanmışdıq. Matçdan sonra Banişevski məni tutdu ki, səni buraxmıram, bileti qaytar, heç yerə getmirsən. Gəncəyə yollanırdım, bilet almışdım. Söz verdim ki, gedirəm, mövsümü başa vuran kimi qayıdacağam. Elə də oldu. Banişevski həm oyun üslubuma, həm də saçıma görə məni Maradona deyə çağırırdı. Mənə demişdi ki, sən Maradonasan, amma dilin itidir.

“Çempionatın nəyinə baxım, maraqlı deyil axı”
- “Zarya”ya gedişiniz necə baş tutmuşdu?

- Uşaq vaxtı Ənvər Nəsibovun Mingəçevirdə çalışdırdığı “Ulduz” komandasında məşq edirdim. Həmin ərəfələrdə “Sovetski Sport”da elan çıxmışdı ki, “Zarya” 1968-ci il təvəllüdlüləri baxışa dəvət edir. Ənvər müəllim də məni ora apardı. 60 nəfər baxışa getmişdi, seçilən 16 nəfərdən biri mən oldum. Akademiya idi, orada həm qalırdım, həm təhsil alırdım. 

- 13 yaşda başqa ölkədə tək yaşamaq çətin deyildi?
- Tək idim, qərib ölkədə çox darıxırdım. Həmin vaxt yerli dili də bilmirdim. Amma sağ olsunlar, mənə çox kömək oldular. Ukraynalılar çox yaxşı millətdirlər. Böyüdükcə də görürdüm ki, Azərbaycana qarşı dost dövlət kimi yanaşırdılar.

- SSRİ-nin yeniyetmələrdən ibarət komandasında oynamısınız. İndiki futbolçulardan hansı ora düşə bilərdi?
- Heç biri. O vaxt çətin idi. İndi danışacağam, məni qınayacaqlar. Çoxdandır çempionatımıza baxmıram. Nəyinə baxım, maraqlı deyil axı. Təkcə “Qarabağ” ölkəmizi layiqincə təmsil edir. 8 komanda var, futbolçular da onları dəyişə-dəyişə karyeralarını davam etdirirlər. Hər il kifayət qədər əcnəbi gətirirlər, 5 ay oynadıb yola salırlar. Görünür, onlara belə sərf edir, yaşayış səviyyəsini yaxşılaşdırırlar, ancaq qazanc yeri kimi baxırlar. Nə vaxta qədər belə çəkəcək? Problem ondadır ki, futbol bu sahəyə yad adamların əlinə keçib. Elə ona görə də futbolumuz bu gündədir. Şotlandiya yüksək liqasında cəmi 12 komanda var, ancaq görün necə inkişaf edirlər. Çünki dörd liqaları var. Biz niyə onlar kimi eləmirik? Birinci divizionun, ümumiyyətlə, adı var, özü yoxdur. Neçə ildir pul xərcləyirlər, amma yüksək liqaya heç biri buraxılmır. Bir il çəkilən əziyyət də hədər gedir.

“Oğlumla eyni komandada oynadığım üçün utanırdım”
- Futbolçu ikən intizamsız davranışlarınızla seçilmisiniz. Hətta buna görə milliyə də çağırılmırdınız. Gənclik illərinə baxanda “kaş” dediyiniz anlar çoxdur?
- Bir dəfə milliyə çağırdılar, futboldan kənar davranışlara görə ondan sonra dəvət gəlmədi. Dəfələrlə “kaş” deyirəm. Dünyaya bir də gəlsəm, yenə futbolu seçərdim, amma indiki ağılla. Adam gənc yaşlarında çox dələduzluq edir, ora-bura qaçır.

- Güclülər dəstəsində 156 oyunda 19 qol vurmusunuz. 156 matç az deyil?
- Razıyam, azdır. Güclülər dəstəsində 30 yaşıma qədər oynamışam. Zədə səbəbindən bir il də futboldan ayrı qalmışam. Sonra 10 il birinci divizionda çıxış etdim, 2008-ci ilə qədər futbol oynadım.

- 40 yaşa qədər birinci divizionda oynamağa sizi nə vadar etdi?
- İnanın, hələ 40 yaşdan sonra da qalıb oynaya bilərdim. Artıq oğlumla eyni komandada oynadığım üçün utanırdım. İndinin özündə də artıq çəkim yoxdur.

- Deyəsən hələ də formadasız...
- İndi Premyer Liqada ağlım oynayar, gücüm yox. Bu ağılla meydançada çoxundan faydalı olaram. Amma fiziki cəhətdən çatdırmaram.

“Futbol adamını çox rahat aldatmaq olur”
- Ən çox çəkindiyiniz bir müdafiəçi olub?

- Mənim üçün də ən çətini futbolu bilməyənə qarşı oynamaqdır. Futbol adamını çox rahat aldatmaq olur. Rüstəm adında bir dostum var, futbolu bilmir. Həvəskar futbolçu idi, onu heç cür aldada bilmirdim. Sağından-solundan keçmək istəyirdim, top dəyirdi ayağına. Axırı məcburiyyətdən topu ayaqlarının arasından atıb keçdim, ondan sonra mənə yaxın gəlmədi.

- Yəqin ki, futbolçu karyeranızın ən acı xatirələrindən biri ayağınızın qırıldığı andır...
- Həmin matçda rəqibin baş məşqçisi rəhmətlik Ruslan Abdullayev idi. O, Məqsəd Yaqubəliyevə tapşırmışdı ki, nə edirsən-elə, Mehmanı saxla. Məqsəd də meydanda istədiyimi eləməməyim üçün bir az sərt oynamışdı. Mənə pis təsir edən o oldu ki, aldadıb keçəndən sonra arxadan vurub ayağımı qırmışdı. Həmin hadisənin karyerama çox böyük təsiri oldu.

- Məqsəd Yaqubəliyev bu hərəkətinə görə, sizdən üzrxahlıq etdi?
- Əlbəttə. Hətta o vaxt məni “ANS Pivani”yə də çağırmışdı, bir il o komandada oynadım.

“Nə vaxta qədər əcnəbiləri pulla milliləşdirib yığmada oynadacağıq?”
- Futbolu bitirən kimi fəhləliklə məşğul olmağa başladınız. Bu sahədə özünüzə yer tapa bilməməyinizin səbəbi nə idi?

- Bunun üçün Bakıya getməli, AFFA-ya müraciət etməli idim. Elə indi də vəziyyət eyni belədir. Futbolda işləmək üçün gərək Bakıda yaşayasan. Hazırda rayonlarda o qədər işsiz məşqçi var ki. Bu qədər məşqçinin kənarda qalması futbolumuz üçün utandırıcıdır. Gəncə, Tovuz, Mingəçevir, Şəmkir kimi rayonların komandaları yüksək liqada niyə iştirak etmir? İndi Premyer Liqa Bakı çempionatıdır. Bununla necə fəxr etmək olar? Biz uşaq ikən futbolsuz nəfəs almırdıq. İndiki uşaqların hamısının əlində telefon var, futbolu bilmirlər. Yeniyetmələr arasında sorğu keçirin, əmin olun ki, əksəriyyəti yüksək liqada neçə komandanın, kimlərin iştirak etdiyini bilmir.

- Vəziyyətin belə olmasının günahkarı uşaqlardır?
- Əlbəttə ki, xeyr. Uşaq futboluna diqqət yoxdur, onları həvəsləndirən yoxdur. Yığmaya necə oyunçu yetişəcək? Nə vaxta qədər əcnəbiləri pulla milliləşdirib yığmada oynadacağıq? Pullar havaya sovrulur. Beş il zəif olaq, amma gücü qoyaq uşaq futboluna. Cənab Prezident İlham Əliyevin göstərişi ilə “Dövlət Proqramı” oldu, futbola yaxşı maliyyə yatırıldı. Dövlətin qayğısı sayəsində Elit-məşq qrupu açıldı, uşaq futbolunda bir qədər canlanma oldu. Amma 2015-ci ildə yenidən qayıtdıq köhnə sistemə. Cənab Prezident bir dəfə inkişafın yolunu göstərdi, qalanını özümüz eləməli idik. Mən özüm də Elit-məşq qrupunda bir il işlədim. 2014-cü ildə oxuyub lisenziya aldım, cəmi bir il işlədim. 2015-ci ildə qrupa nəzarət edən almaniyalı mütəxəssisi ölkəsinə göndərdilər, bizi də çıxardılar. Ondan sonra da işsiz qaldım.

“AFFA-nın özünə sərf edir ki, belə edir”
- Sizin dönəminizlə indiki futbol arasında fərq nədir?

- Bizim vaxtımızda futbol var idi, 16-18 komandanın iştirakı ilə maraqlı çempionat keçirilirdi, rəqabət yüksək səviyyədə olurdu. Sadəcə, SSRİ yeni dağılmışdı, Avropaya ayaqlaşmağa hələ gücümüz çatmırdı. Hələ tam peşəkarlaşmamışdıq. Amma futbolçuları fərd olaraq müqayisə etsək, indikilərdən qat-qat güclü olublar. İndiki futbolçuları heç tanımıram da. Çempionat maraqlı deyil. O oyunlara baxmaqdansa özümə iş axtararam, daha səmərəli iş görərəm. 

- Hər kəs Premyer Liqada komanda azlığından şikayətlənir. Amma nəzərə alaq ki, sponsorlar da futbolumuza yaxın durmurlar...
- Sponsora da nəsə göstərmək, onları cəlb etmək üçün oyun ortaya qoymaq lazımdır. Sponsor üçün də stimul olmalıdır ki, futbola pul buraxsın. Bu dəqiqə çempionatda komandaların çoxuna AFFA özü sponsorluq edir. 

- AFFA sponsorluq etməsə, Premyer Liqada oynamağa cəmi 2-3 klub qalar axı...
- AFFA-nın özünə də nəsə sərf edir ki, belə edir. Strategiya kökündən dəyişməlidir.

“Məni həbsxanada elə futbol saxladı”
- 2008-ci ildə narkotika alverində təqsirli bilinərək həbs olunmusunuz. Həmin vaxt nələr baş vermişdi?

- Mənim bu məsələ ilə heç bir əlaqəm olmamışdı. Dostumun güdazına getdim. Dost dediyim adam işlədiyim yerdə paketi verdi ki, bunu saxla, mehmanxanaya girib qayıdıram. Elə həmin an polislər məni yaxaladı, gördüm ki, onu da gətirirlər.

- Dostunuzun güdazına getdiyinizi dediniz. Həmin şəxs sonra sizin günahsız olduğunuzu demədi?
- Bizi ayrı-ayrı sorğu-sual etdilər. İkimizə də eyni cəza kəsildi. Günahın onda olduğunu desəydi, mənə ən azı az iş kəsərdilər. Görünür, deməyib. 7 illik həbs qərarı verildi, 5 il çəkdim.

- Həbsxanada da futbol oynayırdınız...
- Məni həbsxanada elə futbol saxladı. Oranın rəhbərliyi sağ olsun. Rəis özü futbol azarkeşi idi, Allah ondan razı olsun, mənə çox köməyi dəydi. Hətta oradan çıxandan sonra məşqçilik kursunu oxumağıma o kömək elədi. Keçmiş futbolçu olduğum üçün mənə hörmətlə yanaşırdılar. Ümumiyyətlə, istəyirsən futbolçu ol, istəyirsən başqa sahənin adamı, həbsxanada hər şey insanın özünü necə aparmağından asılıdır. Orada komandamızın adı “Altınspor” idi. Cəzaçəkmə müəssisələri arasında yarışda birinci yeri tutmuşduq. Orada geyindiyim 77 nömrəli formanı da yaxın dostuma hədiyyə vermişəm.

“İçəri” də çöl kimidir”
- Həbsxanadan vaxtından tez çıxmağınız nə ilə bağlı oldu?

- Bir çox futbolçuların köməyi sayəsində. Rəşad Sadıqov, Mahmud Qurbanov, Ədəhim Niftəliyev, Zaur Ramazanov, Nadir Şükürov, Yaşar Hüseynov, Müşfiq Hüseynov, Elşad Xudadatov, Elşad Əhmədov, Səttar Əliyev kimi futbol adamlarının çıxmağımda böyük rolu oldu. Sizin vasitənizlə onlara da təşəkkür edirəm.

- Həbsxanada həyat necə idi, insana nələr öyrədir?
- “İçəri” də çöl kimidir. Demək olar ki, eyni həyatdır. Sadəcə, bir az sərtdir. Gərək nizam-intizama əməl edəsən. Əsas odur ki, özünü normal aparasan. Özümə bir neçə dost qazandım. Ailəvi dostum var, tez-tez zəngləşirik.

Ruslan Sadıqov