20:24 21-01-2021
news_image
6252
FUTBOL

"Əgər bir addım atdımsa, heç vaxt peşman olmuram" - Qurban Qurbanov

“İkinci yarının başlaması münasibətilə hər birinizi təbrik edirəm. Hamımız darıxmışdıq. Pandemiyaya görə narahatlıq var idi. Amma hər şey qaydasındadır. Yeganə çatışmazlıq azarkeşlər idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIV turunda “Sabah”la keçirilən oyun barədə danışarkən deyib.

“Bank Respublika Arena”da baş tutan qarşılaşmada Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “İlk oyunlar həmişə çətin olur. İstədiyin oyunu göstərə bilmirsən. Amma nəticə önəmli olur. Bu gün 3 xal bizim oldu. Baxmayaraq ki, rəqib oyuna ciddi hazırlaşmışdı. Fərqli oyun üslubu ilə çıxış etdilər, fərqli pressinq etdilər. Amma komandamın da çıxışından razı qaldım. Yavaş-yavaş formaya düşəcəklər".

- Növbəti mövsümdən avrokubok mövsümü fərqli olacaq. Sizə elə gəlmir ki, bu mövsüm çempionluğun dəyəri daha yüksəkdir?
- Bəli, dəyişiklik var. Avropa Liqası ilə Konfrans Liqasında fərq var. Neçə ildir Avropa Liqasının qrupunda çıxış edirdik. Amma Konfrans Liqasını da gözləmək lazımdır. Bəlkə bunun da üstünlükləri olacaq. Əlbəttə, hər bir komanda gözləmədiyi halda yerini əldən verə bilər. Bəzi komandaların büdcələri zəif olduğundan, ona təsir edə bilər. Amma yeni mövsümdə avrokuboklarda məbləğin necə olacağı bəlli deyil. Yenə sona qədər mübarizə aparıb, çempion olmağa çalışacağıq.

- Transfer məsələsində işlər necə gedir?
- İnanın ki, çox çətindir. Ötən mövsümdən bəri transferlərdə passiv görünə bilərik. Amma oyunçuları razı salmaq asan deyil. Bu gün Kevin Medina, Elvin Cəfərquliyev, Filip Ozobiç oynamırdı. Daxili çempionatda oyunçu tapmaq çətindir. Ola bilər danışıqlar getsin və ya kimləsə mövsümün sonu üçün razılıq əldə olunsun. Hər bir futbolçu çempionata, hansı ölkədə özünü inkişaf etdirə biləcəyinə baxır.

- Toplanışdan istədiyinizi əldə edə bildiniz?
- Deməzdim ki, planlarımıza çox təsir elədi. Çünki vaxtımız həddən artıq az idi. Ölkə xaricində olsaydıq belə, maksimum iki oyun keçirə biləcəkdik. "Zirə" ilə yoxlama görüşü də üç hissədən ibarət oldu. İlboyu komanda daha çox yüklənmişdi. İstirahətə də ehtiyac var idi. Səfərə getsəydik, iki günü itirəcəkdik. Ümumilikdə hazırlıqdan razı qaldım.

- Oğlunuz Musa Qurbanlı "Zirə"də bu gün qol hesabını açdı. Bunu eşidəndən sonra onu buraxdığınız üçün təəssüf hissi keçirmədiniz?
- Əgər bir addım atdımsa, heç vaxt peşman olmuram. Çünki bu, futbolçunun xeyrinə olur. Bəzi legionerlər burada öz oyununu tutmasa da, getdikdən sonra başqa liqalarda 15-20 qol vurublar. Hətta həmin vaxt da peşman olmamışam. Rəşad Sadıqov Musanı çox istədi. Bizim Musanı harada təcrübə toplamağa göndərmək fikrimiz yox idi. Amma son anda təklif gəldi, razılaşdıq. Haşiyədən kənar bir hadisəni danışım. Dünən bir polis əməkdaşı məni saxlayıb, sənədləri tələb elədi. Sənədləri verdikdən sonra adımı gördü, dedi ki, Qurban müəllim, sizi tanımadım. Maskalara görə tanımaq olmur.