14:27 24-01-2021
news_image
286
FUTBOL

Əsas namizədi bəlli oldu – “Keşlə”nin

Baş məşqçisi Yunis Hüseynovla yollarını ayıran “Keşlə”nin bu posta namizədlərindən biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, son vaxtlar tez-tez çalışdırıcısını dəyişən paytaxt təmsilçisi əsasən yerli məşqçilərin namizədliyini nəzərdən keçirir.

Bu da koronavirus pandemiyası üzündən legioner mütəxəssis dəvət etməyin nisbətən çətin olması, həmçinin klubun büdcəsi ilə bağlıdır. Bakılılar üçün əsas namizəd isə Füzuli Məmmədov hesab olunur.

Ötən ilin əvvəlində “Neftçi”də köməkçisi olduğu Roberto Bordini əvəzləyən gənc çalışdırıcı bir müddət əvvəl “ağ-qaralar”dan ayrılıb. Hazırda işsiz olan olan Məmmədov “Keşlə”nin idman direktoru Ceyhun Sultanovla birgə iş təcrübəsinə malikdir. O, məhz sonuncunun “Neftçi”də söz sahiblərindən biri olduğu vaxt baş məşqçi postuna gətirilmişdi.

Qeyd edək ki, Məmmədov “Qarabağ”a 0:6 hesablı məğlubiyyətdən sonra “Neftçi”dən ayrılıb.