09:13 25-01-2021
news_image
140
FUTBOL

“Qrupu lider kimi başa vuracağıq” – millimizin hücumçusu

“Zədə üzündən fərdi qaydada məşq edirəm. İki gündən sonra komanda ilə birgə çalışmalara qoşulacağam. Həkim oyuna qədər tam hazır olacağımı deyib. Özüm də bu qarşılaşmalarda meydana çıxmağı, komandama kömək etməyi çox istəyirəm”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin üzvü İsa Atayev deyib.

Təlim-məşq toplanışını davam etdirən yığmamız məşqlərini gündə 2 dəfə olmaqla Bakı İdman Sarayında həyata keçirir. Hələlik fərdi çalışmalarla kifayətlənən Atayev Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında tezliklə komandaya qoşulacağını, oyuna hazır olacağını bildirib.

Hazırlıqla bağlı da danışan təcrübəli futzalçı vaxt azlığının və ilk gündən tam heyətlə məşq etməməyin çətinlik yaradacağını qabardıb: “Baş məşqçi də artıq komandanın yanındadır. Plan üzrə çalışmalarımız davam edir. Əlbəttə, tam formaya düşmək, oyuna istədiyimiz kimi hazır olmaq üçün vaxtımız azdır. İndi yaradılmış imkandan mümkün qədər istifadə edirik. Komanda olaraq hələ tam yığışmamışıq. Başqa klublarda çıxış edən oyunçularımız hələ milliyə qoşulmayıb. Əgər heyətin bütün üzvləri ilk gündən bir yerdə olsaydı, yəqin ki, effekt daha çox olardı”.

Rəqibləri də dəyərləndirən 32 yaşlı hücumçu millimizin qrupu lider kimi başa vuracağına şübhə etmir: “Qrup mərhələsinə Slovakiya ilə duellə start verəcəyik. Reytinq cədvəlinə uyğun fikir bildirsək, favorit Azərbaycan millisidir. Slovakiya bu yolda əsas rəqibimizdir. Moldovanı da kiçiltmək olmaz. Yunanıstana gəldikdə, bu komanda ilkin mərhələdən mübarizəyə başlayıb və pley-off-da Türkiyə millisini səfərdə vurduğu qolların yaratdığı üstünlük sayəsində mübarizədən kənarlaşdırıb. Onlar nə Slovakiyadır, nə də Moldova. Təbii ki, məqsədimiz final mərhələsinə yüksəlməkdir. Bunun üçün də yaxşı start göturməliyik. Slovakiya ilə son 2 ildə 2 dəfə qarşılaşmışıq. Çətin rəqibdir, amma udmaq mümkündür. Məncə, qrup mərhələsini lider kimi başa vuracağıq və məqsədə çatacağıq”.

İsa Atayev yeni format haqda da danışıb: “İlk dəfə qrup mərhələsi ev-səfər sistemi ilə keçiriləcək. Bu format daha maraqlı olacaq. Çünki hər bir rəqiblə iki oyun keçirəcəksən. Təəssüf ki, pandemiya ilə əlaqədar oyunlar azarkeşsiz keçirilir. Ancaq gələcəkdə bu sistem azarkeşlər üçün də maraqlı olacaq. Artıq hər kəs millini doğma meydanda da izləmək imkanı qazanacaq”.