16:07 26-01-2021
news_image
2496
FUTBOL

Böyümək istəməyən uşaq

Müasir dövrdə 3 yaşlı uşaq təkcə gəzməyi, şirin dillə danışmağı ilə bizləri sevindirmir, artıq böyüklərə də çox şey öyrədə bilir. Texnologiyanın sürətlə inkişaf etdiyi bir dönəmdə uşaqlar körpəlikdən çox sirrə yiyələnir, həyata tez atılırlar.

Bu bənzətmə ilə yanaşsaq, 3 yaşlı “Sabah” klubu nəinki addım ata bilmir, hətta kömək olmadan iməkləməyi də bacarmır. Biz isə hələ də ayaq üstə dayana bilməyəndən qaçmağı gözləyirik. Axı yağ-bal içində bəslənir, yayın istisindən, qışın soyuğundan qorunur. Halbuki anadan olduğu ilk gündən hər kəs bu balacanın tənbəl olduğunu, inkişafdan qaldığını görürdü.

Bəli, “Sabah”ın Azərbaycan kubokunun 1/8 finalında “Kəpəz”ə məğlubiyyətini klub rəhbərliyi, baş məşqçi adi qarşıladı. Çünki onlar öz mətbəxlərinə yaxşı bələddirlər, lazımi komanda formalaşdırmadıqlarını qəbul edirlər. Ona görə də, bunu faciə saymırlar. Amma kənardan haqlı təzyiqlər var. Sən bir futbolçunun illik maaşından az büdcəyə malik komandaya uduzursansa, bu artıq faciədən də böyük dərddir.

İndi “Sabah”ı müdafiə xatirinə “Kəpəz”in keçmiş uğurlarını, Gəncə futbolunun tarixini gözə soxmağa çalışmayın. Axı sonuncu uğuru ötən əsrdə qalan, əvvəlki əzəmətində olmayan və illərdir Azərbaycana düz-əməlli futbolçu verməyən bölgədən danışırıq. Reallıqla barışmaq lazımdır, “Kəpəz” I divizion komandasıdır və indi Premyer Liqa ilə ayaqlaşacaq səviyyədə deyil. Tarixi ön plana çəkmək bu acı həqiqəti dəyişəcəksə, o zaman “Temp”, “Proqress” hamısından köklü olub.

Çempionatdakı biabırçılıq, kubokdakı rüsvayçılıq baş məşqçinin passivinə yazılır. Amma məncə, nə Visente Qomes, nə də ondan əvvəlkilər - Jelko Sopiçlə Elşad Əhmədov günahkardır. Hamı çox gözəl bilir ki, bu üç nəfər hansısa komandaya uğur qazandıracaq gücdə deyil. Sopiçdən “əli bala batan” klub köməkçi-məşqçini baş məşqçi etmək sevdasından vaz keçmədi, bəxtini Qomeslə də sınadı. Əgər uğursuz olacağını bilə-bilə bu addımı atırsa, deməli, problem heç kimdə yox, məhz klubda cavabdehlik daşıyanlardadır.

Düşmüşük ispaniyalı məşqçinin üstünə ki, niyə istefa vermirsən? Özünüzü onun yerinə qoyun. Ölkə xaricində hansısa yerdə yüksək maaşa və peşəkar müqaviləyə işləyirsiniz. İşinizi bacarmırsınız və getməyinizi istəyirlər. Səmimi cavab verin, hansınız o boyda puldan imtina edib istefa verərsiz? Visente Qomes də gözəl bilir ki, bundan sonra ən yaxşı halda haradasa köməkçi kimi işləyəcək və bu maaşın, bəlkə də, heç yarısını görməyəcək. O qədər pul tökərək çoxlarının həsəd aparacağı qədər futbolçu yığdıqdan sonra komandanı tanımadığın və bu işdə təcrübəsiz olan birinə tapşırırsansa, deməli, öz futbol anlayışını şübhə altına salırsan və orada oturmağı haqq etmirsən.

Adı “Sabah” olan komandanın bu idarəçiliklə üç il yaşaması özü bir uğurdur. Amma klubda köklü islahat olmasa, üç ildir yanlış qərarları verənlər yerlərini işin əhli olan kəslərə verməsə, üç yaşlı bu balaca göz görə-görə ölümə sürüklənəcək, heç ilk yubileyini qeyd edə bilməyəcək...

Cabir Ağalı