12:50 27-01-2021
news_image
1218
FUTBOL

“Yerli məşqçi desəydi ki, bu faciə deyil, həmin axşam onu “Sabah”dan qovardılar” – Qədirov

“Sabah”ın böyük potensialı var. Ən azı 4-5 üzvü milli komandada çıxış edir”.

Bunu apasport.az saytına açıqlamasında veteran futbolçu Vladislav Qədirov deyib.

51 yaşlı mütəxəssis paytaxt klubunun Azərbaycan kubokunun 1/8 final mərhələsində “Kəpəz”lə məğlubiyyətini faciə adlandırıb: “Kəpəz”ə hörmət öz yerində, Yaşar Vahabzadə uğurlu taktika qurdu, gözəl iş gördü. Amma “Kəpəz” indi I divizionda çıxış edir və “Sabah” onları ikinci heyətlə də məğlub etməli idi. Coşqun Diniyev, Ramil Şeydayev, Təmkin Xəlilzadə kimi milli üzvləri, kifayət qədər güclü əcnəbi futbolçuları var. Baş məşqçi deyir ki, faciə deyil. Amma bu elə ən böyük faciədir. Yerli məşqçi “Kəpəz”ə məğlubiyyətdən sonra desəydi ki, bu faciə deyil, həmin axşam onu qovardılar. Çempionatda axırıncı pillədə gedən komandanın son şansı kubok idi. Sənin qarşına “Qarabağ” və ya hansısa elita klubu çıxmayıb axı. “Sabah” “Kəpəz”i asanlıqla keçməli idi”.

“Rəvan”ın sabiq baş məşqçisi əcnəbilərə bel bağlamaq əvəzinə yerli mütəxəssislərə güvənməyi məsləhət görüb: “Elşad Əhmədovun vaxtında “Sabah” normal futbol oynayırdı, öz dəst-xətti var idi. Son iki ildə yalnız İqor Ponomaryovun qısa fəaliyyəti zamanı nəsə etməyə çalışdılar, onda da yeni baş məşqçi gətirdilər. Tez-tez baş məşqçi dəyişmək sənə uğur qazandırmaz. Öz məşqçilərimizə şans versinlər. Bizdə bacarıqlı gənc mütəxəssislər var. Onlara şərait yaratmaq lazımdır ki, xaricə kurslara yollanıb, təcrübə toplasınlar. Məsələn, “Sumqayıt”ın oyununa baxanda zövq alıram. Çünki Ayxan Abbasovun özünəməxsus oyun fəlsəfəsi var, komandası sürətli futbol oynayır. Amma “Sabah”da güclü legionerlər gətirməkdən başqa ortada heç nə yoxdur. Halbuki “Qarabağ”dan sonra ən yaxşı heyət məhz “Sabah”dadır. Problemlərinin nə olduğunu bilmirəm. Bəlkə daxildə nəsə var. Fakt odur ki, gətirdikləri baş məşqçilər bacarmır. Ponomaryov müvəqqəti təyin olunanda yaxşı nəticələr göstərirdilər. Niyə çıxardılar? Ponomaryov işlədiyi vaxtda Yuri Vernidubu danışığa gətirdilər. Belə vəziyyətdə insan necə işləyə bilər? Vernidub özü məəttəl qalmışdı ki, bunlarda olimpiya çempionu olmuş böyük bir şəxsiyyət işləyir, daha nə axtarırlar? Bizim problemimiz odur ki, özümüzünkülərə hörmət eləmirik”.

Vladislav Qədirov “Sabah”dan təklif alacağı təqdirdə, qəbul edəcəyini gizlətməyib: “Kim işləməkdən imtina edər? Təklif olarsa, mən də oturub danışaram. Yalnız ağılsız adam öncədən deyə bilər ki, komandanı ikinci yerə yüksəldərəm. Amma “Sabah” bu heyətlə çempionatda minimum üçüncü yeri tutmalıdır. Millinin ən güclü oyunçuları orada cəmləşib. Ramil Şeydayevin get-gedə zəiflədiyini görürəm. Bu oyunla sabah milliyə nə xeyir verə biləcək? “Kəpəz”lə matçın kadrlarına baxıram, sanki oynamaq istəmir”.