18:13 28-01-2021
news_image
233
FUTBOL

"Belə məğlubiyyət gözləmirdim" - Aftandil Hacıyevin

“Ağır qrafikdə çıxış edirik, futbolçular üçün çətindir”.

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasında V turdan təxirə salınmış “Qarabağ”la matçdan sonra deyib.

Bakılıların 0:4 hesabı ilə məğlub olduğu səfər görüşünün ardından keçirilən mətbuat konfransında 40 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Meydanı tez-tez dəyişəndə futbolçuların köhnə problemi üzə çıxır. Paltardəyişmə otağında gördüm ki, 2-3 oyunçumuzda zədə var. Rəqib çempionatın ən yaxşılarındandır. Amma oyunun əvvəlində vurulan qol hər şeyi alt-üst etdi. Hesab 0:2 olanda əlimizə düşən şanslardan yararlana bilsəydik, bu gün, bəlkə də, meydanı 1 xalla tərk edirdik. Belə məğlubiyyət gözləmirdim. Müəyyən səbəblər var. Müdafiədə istədiyim əvəzləmə edə bilmirəm. Əsasən iki mərkəz müdafiəçisi ilə davam edirik. Bizim üçün çətindir. Hesab 2:0 olanda hələ də matçın aqibəti bəlli deyildi. Amma digər qollar fərdi səhvlərdən buraxıldı. 2 qoldan sonra da meydandan xalla ayrılmağa cəhd edirdik. Növbəti oyunda bizi "Sumqayıt"la ağır sınaq gözləyir. Pandemiya dönəmində bərpa olunmaq da çətindir".

- Qarşıdakı günlərdə transferlər gözlənilmir?

- Gözlənilir. Yarımmüdafiə xəttinə şimali makedoniyalı futbolçu ilə danışıqlar artıq yekunlaşıb. Sadəcə, indi sənədləşmə işləri çətindir. Hər an nəsə dəyişə bilər. Düşünürəm ki, "Sumqayıt"la matça kimi bir futbolçu heyətə qatılacaq. Amma mərkəz müdafiəsi mövqeyinə axtarışlarımız da davam edir. İstədiyimiz oyunçunu tapmasaq, bu heyətlə davam edəcəyik. Gənc oyunçularımız var ki, onlara şans verməyə çalışacağıq.

- Meydan amilini qabartdınız. Amma çempionat bu cür də davam edəcək...

- Bizdə bu problem əvvəl də olub. İnanıram ki, gələcəkdə meydança təbii ota çevrilər. Futbolçular üçün çox çətindir. Fərqli yükləmə, fərqli sürət olur. Futbolçularımızın nə düşündüyünü bilmirəm. Amma 4 gündən bir oyuna sağlam çıxmaq çətindir.

- Nikolas Hagenin çıxışını necə dəyərləndirərdiniz? Düşünmürsünüz ki, Kamran Ağayevə şans verməyin vaxtıdır?

- Digər futbolçular da səhv etdilər. Düşünmürəm ki, kobud səhvlər oldu. Kamran da şans veriləcək. Qapı xəttində rəqabət var.

- "Sumqayıt"la ardıcıl 3 oyun keçirəcəksiniz. Sizcə də, bu, avrokubok yolunda "davam, yoxsa tamam" oyunları olacaq?

- Çempionatda sona qədər mübarizə aparacağıq. Ancaq fikirləşmirəm ki, qarşıdakı matçlar həlledici olacaq.