13:22 29-01-2021
news_image
795
FUTBOL

“Bizə 2-5 illik komanda lazım deyil” – Elxan Məmmədov

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümündə komanda sayının artırılmamasının səbəbi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlayıb.

O, bu gün keçirilən onlayn formatlı mətbuat konfransında bildirib ki, komanda sayının artırılması ilə bağlı assosiasiyanın ümumi strategiyası var: “Məqsədimiz minimum 10 komandanın çempionatda iştirakıdır. Əslində, bir il əvvəl sayı 10-a çatdırmalı idik. Lakin pandemiya və əlavə sponsorların cəlb edilməsi ilə bağlı problemlər yarandı. Mart-aprel aylarında bu məsələ yenidən müzakirə olunacaq. Potensial sponsorlarla davamlı danışırıq”. 

Məmmədov qeyd edib ki, Premyer Liqada iştirakçı sayı 8-dən 10-a qaldırılması gündəmdə olsa da, bu rəqəm 12-yə çatdırılması nəzərdə tutulmur: “İnanıram ki, “Turan” Premyer Liqaya qatılarsa, yeni rəngarənglik olacaq. Ölkə kubokundakı mübarizə də göründü ki, Premyer Liqa ilə divizion komandaları arasında fantastik fərq yoxdur. Bəzən elə imic yaradırlar ki, AFFA hansısa klubu Premyer Liqaya buraxmır. Əksinə, AFFA çox klubun qatılmasını arzulayır. Keyfiyyətə görə Azərbaycan üçün 10 klub ideal, 12 klub risklidir. Bizə 2-5 illik komanda lazım deyil. İstəyirik ənənəvi olsun”.