13:59 29-01-2021
news_image
499
FUTBOL

“Onlar çəkdikləri adları riskə atırlar” – AFFA-nın vitse-prezidenti

“Bu məsələ İcraiyyə Komitəsinin iclasında müzakirə olunmuşdu. Mahmud Qurbanov, Azər Bağırov hazırda işləyir. Samir Əliyevdən heç soruşan yoxdur ki, siz U-21-ə getmək istərdiniz. Üstəlik, U-19-un yarışları hələ ləğv olunmayıb”.

Apasport.az saytının məlumatına görə, bunları AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Bu gün keçirilən onlayn formatlı mətbuat konfransında sualları cavablandıran qurum rəsmisi U-21 millimizin baş məşqçisi Milan Obradovbiçin uğursuz nəticələr fonunda postunda saxlanılmasının səbəbini açıqlayıb: “Məşqçilər heyəti ilə bağlı qərar verərkən, Samir Əliyev namizəd idi. Axı onun məsuliyyət daşıdığı komanda var, bir il onlara hazırlıq keçib. Hərdən bəzi mütəxəssislər adları deyirlər. Amma çəkdikləri adları riskə atırlar. Adları çəkilən məşqçilərə heç sual verən yoxdur ki, siz bunu istəyirsiniz? Bizim soruşduqlarımız, əlaqə saxladıqlarımız var. Elə mütəxəssis yoxdur ki, onunla şəxsən danışmayım, görüşməyim”. 

Məmmədov bildirib ki, yığmaların baş məşqçisi postuna namizədlər sırasında mütəxəssislərin adları kifayət qədər olub: “Elə bir məşqçi deyə bilməz ki, Elxan mənə zəng vurmayıb. Bəziləri millidə oynayıb, bəziləri işləyib. Onların adları hər zaman namizədlər siyahısında olub. Ola bilər ki, özləri imtina ediblər. Əsas milli, U-21 məsuliyyətli işdir. Bəlkə düşünür ki, gəlib uğurlu olmasam, sonra haradasa çalışmaq çətin olar. Bəzi klublara baxırıq, məşqçilər 6 ay işləyir, sonra kənarlaşdırırlar. Biz belə istəmirik. Milan Obradoviç çəkinmədən bir yaş gənc futbolçuları oynatdı. Bunu xüsusən də, son 4 matçda etdi. Covanni de Byazi onun əsas oyunçularını milliyə dəvət etdi. O da qorxmadan U-19-un üzvlərini çağırdı. Bu amil də qərar zamanı nəzərə alındı”.

İcraçı vitse-prezident U-21-lər arasında AVRO-2023-ün seçmə mərhələsinin püşkatmasını da dəyərləndirib: “Dünən də püşk atıldı. Çətin, stabil qrupdur. Alınsa, lap yaxşı. Alınmasa, təbii ki, Obradoviçlə müqaviləni uzatmayacağıq. Birillik məşqçi təyin etmək düşünürəm ki, səhvdir. Gənclərdən ibarət yığmalarda minimum 2 seçmə mərhələ imkanı yaradırıq. Deyirlər ki, o qədər “Pro” lisenziyalı məşqçilərimiz var. Bizdə neçə “Pro” lisenziyalı məşqçi var ki, işsizdir?”.

Məmmədov artıq iki ilə yaxındır “Neftçi”nin əvəzedici heyətində işləyən Mahmud Qurbanovun U-21 perspektivindən də danışıb: “İşsiz “Pro” lisenziyalı məşqçi çox azdır. Demək olar ki, hamısı işləyir. Mahmud müəllim bəlkə gələcəkdə “Neftçi”nin baş məşqçisi olacaq. Adətən əvəzedicilərdən əsas komandaya gedirlər. Məşqçilərin adlarını çəkəndə təkcə AFFA-nı düşünməməliyik. Klubları da nəzərə almaq lazımdır”.