14:07 29-01-2021
news_image
741
FUTBOL

“Azarkeşlərimizin stadionlara qayıtmasına çalışırıq” – Elxan Məmmədov

“Biz Qərargahla, TƏBİB-lə mütəmadi əlaqə saxlayırıq. Azarkeşlərin stadionlara qayıtmasını biz də istəyirik”. 

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov onlayn formatlı mətbuat konfransında deyib.

O, koronavirus pandemiyası üzündən tətbiq olunan karantinin yumşalmalarından sonra azarkeşlərin tribunalara dönüşü barədə fikirlərini açıqlayıb: “Fəxrlə deyə bilmərik ki, azarkeşlərin sayı bizi razı sayır. Amma bəzi oyunlara azarkeşlər gəlirdi. Artıq onlar da futboldan ötrü darıxırlar. Oyunlara gedəndə əvvəllər az da olsa həyəcan var idi. İndi azarkeşsiz bu həyəcan yoxdur. Bilirsiniz ki, bu gün futzal yığmamızın da oyunu olacaq. Ölkəmizdə qapalı məkanlarda tədbir keçirməyə icazə verilmir. Qərarda xüsusi maddə var idi, sağ olsunlar, bizə icazə verdilər. Amma yenə də azarkeşsiz olacaq. Belə bir qayda var ki, tribunada 5-dən çox adam otura bilməz. İndi hətta rəsmi heyət də tam şəkildə iştirak edə bilmir. Azarkeşlərimizin stadionlara qayıtmasına çalışırıq. Ümid edirəm ki, qısa zamanda onlar stadionlarımıza qayıda biləcəklər. Əsas odur ki, futbolumuz davam edir, fasilə yoxdur. Ümid edirəm ki, maya qədər belə davam edəcək”.