16:40 29-01-2021
news_image
416
FUTBOL

“Gərək Bəhramovun adını “Uembli” stadionuna qoyardınız” - Məlik Həsənovun xatirələri

“Tofiq Bəhramovla 1977-ci ildən 1992-ci ilə kimi İdman İdarəsi Komitəsində 15 il birgə çalışmışıq. Onun haqqında saatlarla danışmaq olar, çox böyük hakim və insan olub. SSRİ-də dəfələrlə ən yaxşı hakimlərdən biri seçilib. İki dünya çempionatında iştirak edib”.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) baş direktoru Məlik Həsənov bu gün 96 yaşı tamam olan əfsanəvi azərbaycanlı hakim Tofiq Bəhramov haqda danışarkən deyib.

Həsənov bildirib ki, Tofiq Bəhramov güclü futbolçu olmasa da, qısa müddətdə böyük hakimə çevrilməyi bacarıb: “Bəhramovun futbolçu karyerası uğurlu olmayıb. “Neftçi”də müdafiəçi oynayıb, hətta oyunlardan birində 2 avtoqolla yadda qalıb. Bir müddət “Neftçi” komandasının rəisi çalışdı, daha sonra hakim olmaq təklif edildi. O, hakimliyi elə sürətlə mənimsədi ki, illərlə SSRİ-nin ən güclü ədalət qoruyucularından oldu”.

O, PFL-in feysbuk səhifəsinə 1966-cı ildə Almaniya ilə İngiltərə arasında keçirilən dünya çempionatının final matçında yan xətt hakimi olan və qərarı ilə illərlə müzakirə mövzusuna çevrilən Bəhramovla bağlı maraqlı xatirəsini də bölüşüb: “Heç kimə sirr deyil ki, Bəhramovun idarə etdiyi ən məşhur oyun 1966-cı il futbol üzrə dünya çempionatının Almaniya - İngiltərə görüşü olub. Bu matç haqqında söz-söhbətlər hələ də davam edir. Bir neçə il əvvəl həmin qarşılaşmada almanların qapıçısı olan Hans Tilkovski Bakıya gəlmişdi.
Onunla görüşdük, aramızda aşağıdakı dialoq oldu:
- (Tofiq Bəhramovun şəklini göstərərək) Bu şəxsi tanıyırsınız?
- Şəklə baxıb fikrə getdi.
- 1966-cı il finalında 3-cü qolu qeydə alan hakimdir, Tofiq Bəhramov. Mərkəzi stadionumuz onun adını daşıyır. 
- (gülərək) Hə, xatırladım, amma gərək Bəhramovun adını İngiltərədəki “Uembli” stadionuna qoyardınız (həmin məşhur final “Uembli”də keçirilmişdi).

Məlik Həsənov mərhum referinin Lev Yaşinin vida görüşünə dəvət olunmasını xüsusi vurğulayıb: “Tofiq Bəhramovun böyüklüyünü göstərən faktlardan biri də Moskvada keçirilən Lev Yaşinin vida görüşü - SSRİ yığması ilə Dünya yığması arasında matçı idarə etməsi idi. Məhz Yaşinin xahişi ilə qarşılaşmanın baş hakimi Tofiq Bəhramov olmuşdu”.