20:03 29-01-2021
news_image
469
TOKİO-2020

Olimpiada üçün Tokioya dəstək göstərməyə hazırdır - Azərbaycan

Yaponiya təşkilati işlərdə böyük təcrübəsi olan ölkələrdən Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilməsində dəstək istəyib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, Yaponiya Nazirlər Kabineti Baş katibi Katsunobu Kato tərəfindən edilən müraciətdə idman yarışlarının keçirilməsi istiqamətində böyük təcrübəsi olan ölkələrin kadr potensialının Yaponiyaya göndərilməsi kimi məqam öz əksini tapıb.

Müraciətə cavab olaraq Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2016, 2017, 2018, 2019-cü illərdə Formula-1, 2019-cu ildə XV Avropa Gənclər Olimpiadası kimi beynəlxalq yarışlara çox böyük uğurla ev sahibliyi etdiyini bildirib. Bu məqsədlə nazir Tokioda baş tutacaq Olimpiya Oyunlarında Azərbaycanın təcrübəli kadr potensialı ilə dəstək göstərməsinin mümkünlüyünü qeyd edib.

Öz növbəsində nazir Azad Rəhimov bildirib ki, Azərbaycan idman yarışlarının keçirilməsi baxımından istər texniki, istərsə də təşkilati məsələlərdə kifayət qədər böyük təcrübəyə malik ölkədir. Azərbaycanın bütün qeyd olunan mötəbər tədbirlərdə çalışan əməkdaşlarından ibarət məlumat bazası var və münasib olaraq bizim mütəxəssislər aidiyyatı sahələr üzrə Yaponiya tərəfə təqdim olunacaq.

Qeyd edək ki, hazırda idman yarışlarında texnologiya, nəqliyyat, idman məkanlarının idarə olunması, könüllülərlə iş və s sahələrdə çalışan yerli kadrlarımız var və onlar vaxtaşırı müxtəlif beynəlxalq yarışlara dəvət alır, öz bilik və təcrübələrini müvəffəqiyyətlə həyata keçirirlər.