13:45 30-01-2021
news_image
109
FUTBOL

6-cı dəfə final mərhələsində iştirak – hücumçumuzun istəyi

“Slovakiya ilə matçı izləyənlər də gördü ki, biz oyuna yaxşı başladıq. Hesabı açdıq, üstəlik fərqi artırmaq üçün epizodlar yaratdıq”. 

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının hücumçusu Rafael Vilela deyib.

O, Avropa çempionatının seçmə qrup mərhələsinin Slovakiya ilə ev oyunundan sonra (4:1) qarşılaşma haqda fikirlərini Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlayıb: “Əsas problem onları qola çevirə bilməməyimiz oldu. Bu azmış kimi, rəqib qol vurdu və hesab bərabərləşdi. Matçın çətin keçəcəyini gözləyirdik, belə də oldu. Əksər futzalçılarımız uzun müddət idi meydana çıxmırdı. Üstəlik, Slovakiya da qrupumuzun iddialı komandasıdır. Onlar da birinci yer uğrunda mübarizə aparırlar və Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmağa iddialıdır”.

Qarşıya qoyulan məqsədə nail olduqları üçün sevincli olduqlarını gizlətməyən Vilela Yunanıstana da eyni məqsədlə yollanacaqlarını vurğulayıb: “Əlbəttə, Slovakiya da meydanda gəzmirdi. Onlar da çalışdı bizi əks-hücumda yaxalasınlar. Müəyyən epizodlarda buna nail oldular. Yunanıstanla görüşdə isə buna imkan verməməliyik. Afinadakı matç da çətin olacaq. Rəqibimiz öz meydanında oynayır, onlar bizdən daha çox məşq ediblər, həm də ilk oyun həyəcanını üzərlərindən atıblar. Biz isə həmin oyunu da itkisiz başa vurmalıyıq. Çünki istəyimiz ardıcıl 6-cı dəfə final mərhələsində iştirak etməkdir”.