11:18 31-01-2021
news_image
280
FUTBOL

Birbaşa künc zərbəsindən qol vuran futbolçumuz - “İsveçrə”

31 yanvar tanınmış azərbaycanlı futbolçu Rəşid Özbəyovun doğum günüdür. 

Apasport.az saytının məlumatına görə, yaşasaydı 68-ci yaşını qeyd edəcəkdi. 

O, ötən əsrin 70-ci illərində və 80-ci illərin əvvəlində 300-dən çox oyunda Bakının Neftçi“ komandasının formasını geyinib, müdafiəçi mövqeyində çıxış edib. Sonra məşqçi kimi fəaliyyət göstərib. 

Futbolçu kimi SSRİ çempionatlarında rəqib qapılarından 4 top keçirdiyini də xatırladaq. Özbəyovun 1980-ci ildə Rostovun SKA komandası ilə qarşılaşmada birbaşa künc zərbəsindən vurduğu qolu xüsusilə qeyd etmək lazımdır.

Vaxtilə “Neftçi”də oyundaşı olmuş Asəf Namazov onu belə xatırlayır: “Rəşid məndən solda oynayırdı, 4 nömrəli formanı geyinirdi. Çox döyüşkən futbolçu olub, həddindən artıq döyüşkən. 
Həyat elə gətirdi ki, vaxtından xeyli əvvəl ürək tutmasından dünyasını dəyişdi. Həkimimiz Boris Xetaqurov həmişə ona deyərdi: “Ay Rəşid, özünə bax, canına bax”. Çox yaxşı futbolçu olub. Qayda-qanunları pozmaz, həmişə idman rejiminə riayət edərdi.
Komandada ləqəbi “İsveçrə” idi, heç bir işə qarışmazdı, oyununu oynayardı. İnşallah, qismət olsa, biz veteranlar iki il sonra onun 70 yaşını təntənəli qeyd edəcəyik”.

Qeyd edək ki, Rəşid Özbəyov 2001-ci ildə 48 yaşında vəfat edib.