15:56 31-01-2021
news_image
308
FUTBOL

“Neftçi” “Zirə”ni, “Qarabağ” “Qəbələ”ni gözləyir - kubokda

Azərbaycan kubokunda 1/4 final mərhələsi start götürür.

Apasport.az saytının məlumatına görə, sabah və birigün ilk oyunlar keçiriləcək.

Bununla “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” turnirdə mübarizəyə start götürəcək.

Mərhələnin açılış matçı Sumqayıtda baş tutacaq. Premyer Liqada fərqli nəticələrlə diqqət çəkən “Sumqayıt”la “Səbail” birincilərin meydanında üz-üzə gələcək. Çempionatdan Avropa Liqasına cüzi ümidi qalan bakılılar mərhələ adlamaq üçün ilk növbədə səfərdən sərfəli nəticə ilə dönməlidir. Bu, həm də cütlüyün Azərbaycan kubokları tarixində ilk dueli olacaq.

Çempionatın lideri “Qarabağ” “Qəbələ”ni sınağa çəkəcək. Cütün favoriti şübhəsiz ki, Ağdam təmsilçisidir. Ancaq “qırmızı-qaralar” da sürpriz etmək niyyətindədir. Necə ki, 2018/19 mövsümündə “Qəbələ” gözlənilmədən yarımfinalda məhz “Qarabağ”ı üstələmiş və kuboka sahib çıxmışdı.

Fevralın 2-də ilk olaraq “Keşlə” meydana çıxacaq. Qəsəbə təmsilçisi 1/8 finalda “Sabah”a qalib gələrək böyük sensasiyaya imza atan birinci divizion klubu “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək. Bu, bakılıların yeni baş məşqçisi Sənan Qurbanovun debüt matçı olacaq. “Keşlə”də baş verən proseslər və heyətlə bağlı problemlər “Kəpəz”i növbəti sürpriz üçün xeyli ümidləndirir.

Son olaraq meydana “Neftçi” ilə “Zirə” çıxacaq. Premyer Liqanın turnir cədvəlində qonşu olan paytaxt təmsilçilərinin görüşünə maraq digərlərindən daha çoxdur. Bu cütlüyün qalibini “Qarabağ”la birlikdə kubokun favoriti saymaq olar.

Qeyd edək ki, oyunların hamısı “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. 1/4 final mərhələsinin cavab görüşləri 6-7 fevralda keçiriləcək.

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
1 fevral (bazar ertəsi)
16:00. “Sumqayıt” – “Səbail”

“Kapital Bank Arena”
18:00. “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika Stadionu

2 fevral (çərşənbə axşamı)
16:00. “Keşlə” – “Kəpəz”

“ASK Arena”
18:00. “Neftçi” – “Zirə”
“Bakcell Arena”