11:07 01-02-2021
news_image
1309
FUTBOL

“Yığmada konkret adamlar var idi ki, siyahıda həmişə adları olurdu” - Asif Məmmədov

“Bir dəfə Qurban Qurbanovun dönəmində milliyə çağırılmışam. İndi dəvət edilməməyimin səbəbi odur ki, yaşım çoxdur. Yəqin ki, buna görə çağırmırlar”.

Bunu apasport.az saytına “Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov deyib.

35 yaşlı orta sahə oyunçusu almaniyalı Berti Foqtsun dönəmində yaxşı formada olarkən belə, milli formanı geyinə bilmədiyini xatırladıb: “Berti Foqtsun vaxtında əla formada olduğum vaxtlarda da çağırmırdılar. Səbəbi hələ də maraqlı gəlir. Məncə, yerli məşqçi olsaydı, çağırardı. Hazırkı baş məşqçini demirəm, amma əvvəlki əcnəbi çalışdırıcılar çempionatı izləmirdilər. Fikirləşirdim ki, Foqts Almaniyada oturub, heyət qurur. Həmin vaxt konkret adamlar var idi ki, hər dəfə siyahı açıqlananda onların adları olurdu”.

Məmmədov yığmaya oyunçu seçiminin düzgün aparılmadığını düşünür: “İndinin özündə də klubunda heyətə düşə bilməyib, millidən dəvət alan futbolçular var. Yığmanın heyəti açıqlananda hər klubun özündə müzakirə gedir. Fikirləşirsən ki, filankəs klubunda oynamır, onu niyə çağırırlar? Heç özümü demirəm, mənim yaşım çoxdur. Məsələn, Qismət Alıyev neçə vaxtdır stabil oynayır, yaşı da çox deyil. O siyahıda eləsi var ki, onların yerinə Qisməti çağırmaq olar. Razıyam, hamıya şans vermək, yoxlamaq lazımdır. Amma bəzən elələrinin adını görürsən ki, bizim özümüzə də xoş gəlmir”.

Veteran futbolçu yığmada aparılan gəncləşdirmə siyasətinə də münasibət bildirib: “Milliyə ən yaxşı oynayanlar çağırılmalıdır. Gəncləşdirmə siyasətini alqışlayıram, amma 4-5 təcrübəli də mütləq olmalıdır. Təcrübəlilər gənclərin təkcə meydanda yox, ondan kənarda da özlərini aparmalarına kömək edirlər. Yalnız gəncləri bir araya yığsan, bir-biriləri ilə dalaşa da bilərlər. Amma yanlarında yaşlı oyunçu olanda buna cəhd etməzlər, ağır söz işlətməzlər. Üstəlik, təcrübəlilər gənclərə meydanda harada səhv etdiklərini də başa salarlar”.

Maraqlıdır ki, “Qəbələ”nin vitse-kapitanı hələ də millidən ümidini üzməyib: “Millidən ümidimi üzməmişəm. Bu gün futbol oynayıramsa, yığmada da yer almağa hazıram. Dəvət gəlsə, məmnuniyyətlə çıxış edərəm. Millidən kim qaçar? Ora bizim qürur yerimizdir”.