12:09 01-02-2021
news_image
1523
FUTBOL

Əfsanəvi futbolçuluqdan biabırçı məşqçiliyə - sabiqlərin uğursuz dönüşü

“Çelsi”nin forması altında möhtəşəm karyeraya sahib olan Frenk Lempard sevimli komandasını baş məşqçisi kimi biabırçılıqla tərk edib.

Apasport.az saytının məlumatına görə, onun kimi, bir çox futbolçu vaxtilə əfsanəsinə çevrildiyi komandada baş məşqçi kimi bunun tam əksini göstərib.

Uğursuzluqla nəticələnən bir neçə geridönüşü təqdim edirik.

Alan Şirer (“Nyukasl”)
“Nyukasl”ın əfsanəsi futbolçu karyerasını bitirdikdən bir müddət sonra “ağ-qaralar”a baş məşqçi təyin olunub. 2009-cu ildə bu postda cəmi 2 ay yarım qala bilib. Komandası onun rəhbərliyi altında keçirdiyi 8 oyunda cəmi 1 qələbə qazanıb. Şirerin məşqçi kimi  yeganə iş yeri də məhz “sağsağanlar” olub.

Klarens Zedorf (“Milan”)
2013/14 mövsümünü uğursuz keçirən “Milan” yanvarda komandanın sükanı arxasına məşhur futbolçusu Zedorfu gətirib. Ancaq niderlandlı mütəxəssis də zəif çıxışa son qoya bilməyib. “Rossonyerlər” həmin mövsümü 8-ci pillədə tamamlayınca, Zedorfla yollar ayrılıb. 45 yaşlı məşqçinin ondan sonra da işləri yolunda getməyib.

Dieqo Maradona (Argentina)
Futbol tarixinin ən yaxşılarından sayılan Maradona futbolçu kimi dünya çempionu etdiyi doğma komandasını məşqçilik dönəmində son anda mundiala aparmağı bacarıb. Cənubi Afrika Respublikasındakı DÇ-2010-da gözlənilən nəticəni göstərməyən argentinalılar çıxış yolunu onu istefaya göndərməkdə görüb. Ötən il dünyasını dəyişən Maradonanın məşqçilik karyerası heç vaxt uğurlu alınmayıb.

Filippo İnzagi (“Milan”)
11 il “Milan”dakı çıxışı ilə yadda qalan İnzagi Zedorfun gedişindən sonra “rossonyerlər”ə baş məşqçi təyin olunub. Ardıcıl iki qələbə ilə başlasa da, bunun davamını gətirə bilməyib və “Milan” mövsümü 10-cu pillədə başa vurub. Hazırda məşqçilik karyerasını davam etdirsə də, heç cür yüksəlişə keçə bilmir.

Cennaro Qattuzo (“Milan”)
Qattuzonun çalışdırdığı “Napoli” hazırda heç də pis çıxış etmir. Ancaq o, futbolçu dönəmində parladığı “Milan”a eyni köməyi göstərə bilməyib. Qattuzo iki mövsümə yaxın milanlılara rəhbərlik etsə də, komandanı Çempionlar Liqasına daşıya bilmədiyi üçün 2019-cu ildə yola salınıb.

Canfranko Zola (“Kalyari”)
Futbolçu karyerasını “Kalyari”də başa vuran Zola 2014-cü ildə bu kluba baş məşqçi təyin olunub. Ancaq cəmi 11 matçda bu postda qala bilib. “Kalyari” təhlükəli zonaya düşən kimi Zolanı qovsa da, oradan qurtulmağı bacarmayıb. 55 yaşlı mütəxəssis son olaraq “Çelsi”də köməkçi-məşqçi işləyib.

Qrem Suness (“Liverpul”)
Suness 6 il formasını geyindiyi “Liverpul”a 3 il rəhbərlik edib. Ancaq bu müddətdə komandası yalnız bir dəfə Federasiya Kubokunu qazanmaqla təsəlli tapıb. Onun rəhbərliyi altında “Liverpul” ölkə çempionatında uğursuz nəticələrdən qurtula bilməyincə, 1994-cü ildə “Bristol”a məğlubiyyətdən sonra istefaya göndərilib.

Yurgen Klinsmann (“Bavariya”)
Almaniya yığması ilə titul qazana bilməyən Klinsmannın bu uğursuz seriyası “Bavariya”da da davam edib. Münhen təmsilçisi 2008/09 mövsümündə çempionluğu son anda “Volfsburq”a uduzub. Son olaraq “Herta”ya da qısa müddət rəhbərlik edən 57 yaşlı çalışdırıcının bundan sonra məşqçi kimi uğur qazanacağına inananlar çox azdır.

Tyerri Anri (“Monako”)
Futbolçu kimi yetişdiyi “Monako”da uzun müddət çıxış edən Anri 2018/19 mövsümünün əvvəlində doğma komandasının sükanı arxasına keçib. Ancaq onun rəhbərliyi altında komanda biabırçı nəticə göstərib. Fransalının başçılığı altında baş tutan 20 görüşdə komanda ümumilikdə heç 20 xal toplaya bilməyib. Anri hazırda çalışdırdığı “Montreal”la ötən mövsüm MLS-də 9-cu yerlə kifayətlənib.

Frenk Lempard (“Çelsi”)
“Çelsi”nin əfsanəvi futbolçusu kimi iz qoyan sabiq yarımmüdafiəçi 2019/20 mövsümündə baş məşqçi kimi gətirilib. Superkuboku penaltilər seriyası ilə əldən qaçıran 43 yaşlı mütəxəssis uğursuz keçən ilk ilin ardından cari mövsümə böyük ümidlərlə başlayıb. Heyətə ulduz futbolçuların cəlb edilməsinə baxmayaraq, tələb olunan nəticələri göstərə bilməyən “zadəganlar” bu yaxınlarda onu istefaya göndərib.