13:09 01-02-2021
news_image
1195
FUTBOL

Azərbaycanla oyunda iştirakı sual altında - Jotanın

Portuqaliya millisinin hücumçusu Dioqo Jota DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan və Serbiya ilə oyunları buraxa bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb İngiltərə hökumətinin koronavirus pandemiyası ilə bağlı bir neçə ölkəyə uçuşda məhdudiyyət qoymasıdır.

Çünki qərara əsasən, Cənubi Amerika ölkələrinə, həmçinin Portuqaliyaya yollanacaq futbolçu qayıtdıqdan sonra 10 gün karantinə qalmalı olacaq. Martın sonlarında milli komandaların oyunlarından sonra Premyer Liqada həlledici mərhələnin start götürəcəyini nəzərə alan “Liverpul” rəhbərliyi bununla bağlı şikayətini bildirib. “Qırmızılar” həmin vaxt Jota ilə yanaşı, braziliyalı futbolçuları Roberto Firmino, Alisson Beker və Fabinyonu da itirə bilər.

Yaranmış vəziyyətlə əlaqədar klubların bəzi aparıcı oyunçularını milliyə buraxmamaq icazəsi ilə bağlı müzakirələr aparılır. Ancaq FİFA-nın buna hansı reaksiyanı göstərəcəyi məlum deyil. Ali futbol qurumu razılıq verərsə, “Liverpul” adıçəkilən futbolçulardan bir və ya ikisini yığmaya buraxmayacaq. Əks təqdirdə, milliyə gedən oyunçu Çempionlar Liqasının 1/4 final mərhələsindən də kənarda qala bilər.

Jota ilə bağlı vəziyyət Portuqaliya yığmasının Premyer Liqada mübarizə aparan digər oyunçularına da şamil edilə bilər. Bu mənada Bernardo Silva (“Mançester Siti”) və Bruno Fernandesin (“Mançester Yunayted”) adı xüsusi çəkilir.

Qeyd edək ki, martın 24-də Lissabonda Azərbaycan millisini qəbul edəcək Portuqaliya üç gün sonra Belqradda Serbiyanın qonağı olacaq.