20:40 01-02-2021
news_image
103
FUTBOL

“Şans həmişə var” – Elmar Baxşıyev

“Kubok qarşılaşmaları iki oyundan ibarətdir. Rəqibin “Qarabağ” olduğunu bilirdik. Bu komandanın səviyyəsi hamıya məlumdur”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

41 yaşlı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Qəbələ” matçından (3:1) sonra görüş barədə fikirlərini açıqlayıb: “Bizim də matça uyğun hazırlığımız var idi. Əzmkarlıq hesabına rəqibə müqavimət göstərmək istəyirdik. Bu, müəyyən qədər alındı, amma sonda keyfiyyət sözünü dedi. Ümumi götürəndə rəqiblər arasında fərq böyükdür. Futbolçularımızın mübarizliyindən və göstərdiyi oyuna görə şadam. İnanıram ki, daha yaxşı oynaya biləcək komandamız var. Sərəncamımızda olan bütün futbolçulardan istifadə edirik. Bu gün meydana ən optimal heyət çıxdı. Buraxılan qollarda problem sırf müdafiəçilərə görə deyil. Bütün komanda müdafiə olunmağı bacarmalıdır. Səhvi müdafiəçilərdə görmürəm. Oyuna öz prizmamızdan hazırlaşırıq. Unutmamalıyıq ki, qarşımızda “Qarabağ”dır. Rəqib imkan verdiyi qədər oynamaq mümkündür”. 

Baxşıyev cavab oyunu öncəsi şanssız olmadıqlarını qeyd edib: “Şans həmişə var. Cavab oyununa motivasiyasız çıxmayacağıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, şansdan istifadə edək”.