09:56 02-02-2021
news_image
548
FUTBOL

Dünyada 3-cü - “Hatayspor”un bombardiri

2021-ci ilin ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu ilin yanvarında ən çox qol vuran futbolçuların cədvəlini tərtib edib.

Siyahıya 6 və daha çox qol vuran 17 oyunçu düşüb. Cədvəldə ikihakimiyyətlilikdir. Belə ki, iki futbolçu bu il 11 qola sevinib.

Bunlar Niderlandın “Venlo” klubunda çıxış edən yunanıstanlı Georgios Giakoumakis və Qətər təmsilçisi “Əl-Sədd”in əlcəzairli oyunçusu Bağdad Bunedjadır. Onlar təkcə liqada 11 dəfə fərqlənib.

Türkiyə Super Liqasında ötən ay 8 qol vuran “Hatayspor”un qabonlu forvardı Aron Bupendza 8 qolla ilk “üçlük”də yer alıb. 9 futbolçu hərəyə 7 topla 4-12-ci yerləri bölüşür. Onlar arasında Andre Silva (“Ayntraxt”) və Robert Levandovski (“Bavariya”) kimi tanınmış simalar var. Türkiyə “Beşiktaş”ının futbolçusu Kile Larin də 7 dəfə fərqlənənlərdən biridir.

Hərəyə 6 dəfə qol sevinci yaşayan 5 oyunçu arasında Lionel Messi (“Barselona”) və Luis Suares (“Atletiko”) da yer alıb. Ötən ilin bombardiri Kriştianu Ronaldo (“Yuventus”) isə yanvarda cəmi 3 qola sevinib.