09:51 03-02-2021
news_image
737
FUTBOL

25-ci qələbə - millimizdən

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatlarında 25-ci qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, seçmə və final mərhələlərində ümumilikdə 53-cü matçına çıxan yığmamızın yubiley uğuru Yunanıstanla görüşə təsadüf edib.

Bu, Avropa çempionatının seçmə mərhələsinin II turunda qeydə alınıb. Afinadakı qarşılaşmaya qədər 24 dəfə qalib gələn millimiz səfərdə 3:0 hesablı qələbə qazanıb. Komandamız digər matçlarda 9 heç-heçə edib və 19 dəfə uduzub.

Avropa səhnəsinə 1995-ci ildə çıxan yığmamız ilk qələbəsini 26 il öncə qazanıb. Həmin vaxt oktyabrın 23-də Polşa ilə üz-üzə gələn komandamız rəqibini 6:4 hesabı ilə yenib. 

Yığmamız bu görüşlərdə 185 qol vurub və 170-ni buraxıb.

Qeyd edək ki, millimiz seçmə mərhələdə Slovakiyanı 4:1, Yunanıstanı 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq 3-cü qrupun vahid lideridir.