15:07 03-02-2021
news_image
1196
FUTBOL

“Çox insanın üzünü gördüm” - Kamran Ağayev

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev iki illik fasilədən sonra ilk dəfə “Səbail”in əsas heyətində Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”a qarşı oyunda iştirak edib.

Apasport.az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən Ağayev əvvəlcə dönüşü barədə fikirlərini bölüşüb.

O, 1:0 hesabı ilə qalib gəldikləri görüşdə əlindən gələni etdiyini vurğulayıb: “Baş məşqçimiz Aftandil Hacıyevin qərarına görə, əsas heyətdə meydançada idim. Əgər bu klubun oyunçusuyamsa “hazır deyiləm”, “oynaya bilmərəm” sözünü işlədə bilmərəm. Baş məşqçi deyirsə “oynamalısan”, sən də oynamalısan. Yenidən meydanda olmaq və qələbə qazanmaq sevindirici haldır. Matçda əsas məsuliyyət o idi ki, komandanın əziyyətini yerə vurmamalı idim. Çünki meydanda məndən başqa daha 10 nəfər var idi. Qələbə də, məğlubiyyət də hamımızındır. Kiçik bir səhvlə məğlub ola bilərdik. Lakin qələbə ilə qayıtdıq”.

35 yaşlı qapıçı ona şans verdiyi üçün baş məşqçiyə minnətdarılq edib: “Əlim gipsdə ola-ola “Səbail”dən zəng gəldi və məni dəvət etdilər. Açıq dedim ki, hələ 6-7 ay komandaya xeyir verə bilməyəcəm. Sağalma dövrü, adaptasiya və əvvəlki formama geri qayıtmaq zaman alacaq. Buna baxmayaraq, mənə inanıb, güvəndiyinə görə təşəkkür edirəm. Klubun uğurları üçün əlimdən gələni edəcəm. Həmin vaxt bir çoxları inanmırdı ki, futbola geri qayıdım. Zədədən sonra karyeramın sonu olduğunu düşünürdülər. İndi isə təbii ki, əvvəlki formamda deyiləm. Lakin buna zaman və güc lazımdır”.

Ağayev yaşıl meydanlara dönsə də, hələ də ağrılarının olduğunu söyləyib: “Məşqçilər də, komanda yoldaşlarım da mənə dəstək oldular. Aftandil müəllim zədə almağımdan, qırılmağımdan qorxurdu. Hələ də tam formaya düşməmişəm, artıq çəkim var. Hamısını bir vaxtda atmaq da olmur, bədən zəifləyə bilər. Ona görə də zaman lazımdır. Komandanı motivasiya edirdim ki, narahat olmayın, hər şey yaxşı olacaq, mən rahat oynayacam. İki ildən sonra ilk dəfə meydanda idim və ağrılarım çox idi. Oyun ümumi baxanda yaxşı keçdi və uğur qazandıq. Normal həyatımda zarafatcıl, gülən-danışan biriyəm. Sadəcə iş başında olanda 90 dəqiqə başqa adam oluram. Qışqırıram, əsəbi oluram və s. Komanda yoldaşlarım bundan incimirlər, artıq öyrəşiblər (gülür)”.

Qolkiper milliyə qayıtmaq perspektivinə də toxunub: “Milliyə qayıtmağımla bağlı mənə çoxlu suallar gəlir. Bu günə kimi yada düşmürdüm. 90 dəqiqə meydanda olmuşam deyə indi mətbuatda müzakirə olunuram. Hazırda yığmaya qayıtmaq üçün yox, futbola qayıtmaq üçün forma yığıram. Əgər mənim yığmada oynamaq üçün çalışdığımı düşünənlər varsa, bu, yanlış fikirdir. Futbolçu sadəcə millidə oynamaq yox, xeyir vermək üçün çalışmalıdır. Millidə yaxşı qapıçılarımız var və yetişirlər. Haqqımda çox şey yazırlar. Mənfi yazılanlara isə fikir vermir, həmin yazı ilə bağlı heç kimə geri zəng də etmirəm. Məni tanıyan və vicdanı olan şəxs düzgün yazar. Zədə aldıqdan və futboldan uzaq düşdükdən sonra çox insanın üzünü gördüm. Bir də qeyd etmək istəyirəm ki, meyxana demək mənim hobbimdir. Bunun oyunuma heç bir aidiyyatı yoxdur. Bu mövzunu qabardıb, zarafata çevirmək isə heç xoş deyil”.