16:03 03-02-2021
news_image
2336
FUTBOL

“Bəlkə Məsut Özilin soyadını dəyişib milliyə çağıraq?” – Yaşar Sultanov

“Canni de Byaziyə sual vermək lazımdır ki, Antalyaya kimi axtarmağa getmisən?”

Bunu apasport.az saytına açıqlamasında AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Yaşar Sultanov Azərbaycan millisinin baş məqçisi Canni de Byazinin legioner futbolçular izləmək üçün Türkiyəyə yollanmasına münasibət bildirərkən deyib.

"Turan"ın sabiq icraçı direktoru AFFA-nın milliləşdirmə prosesini davam etdirməsinə münasibət bildirib. O, bunun doğru addım olmadığını söyləyib: “Bir soyada görə gedib futbolçu gətirməzlər. Belələrini çox görmüşük. Belədirsə, bəlkə Məsut Özilin soyadını dəyişib, özümüzə məxsus adlardan istifadə edərək milliyə çağıraq? Təbii ki, bu bir zarafatdır. Amma yeni gələnlər də ən yaxşı halda Eddi İsrafilov səviyyəsində olacaq. Xüsusi istedadı ilə fərqlənən hansısa tanınmış azərbaycanlı futbolçu varmı ki, onu izləməyə gedəsən? Heç yaxşı hal deyil. Orada bir legionerimiz olmadığı halda kimin dalınca gedirsən? Bütün hallarda bunlar vaxt itkisidir. Nə vaxta qədər ordan-burdan oyunçu axtaracaqlar? Özümüz yetişdirməliyik. Azərbaycan futbolu çox gecikir. Son 10 ildə kiminsə birinci diviziondan oyunçu götürdüyünü görməmişəm. Orada 10 komanda varsa, bu, ümumilikdə 250 futbolçu deməkdir. Bu qədər oyunçu arasında, doğrudan da, heç birinin bacarığı yoxdur? Sadəcə, yaxşı axtarılmır”.

Bölgələrimizdə futbolun aşağı səviyyədə olmasından gileylənən Yaşar Sultanov Gürcüstanı AFFA-ya nümunə göstərib: “İndiyə qədər Nazarov, İsrafilov, Dadaşov və ya digər milliləşənlərdən heç biri yerli futbolçulardan üstün olmayıb. Onlar Vidadi Rzayev, Rəşad Sadıqov, Zaur Ramazanov səviyyəsində olmadılar. Bu düşüncəni dəyişməyin vaxtıdır, belə çox getməz. Əvvəl-axır yerli futbola müraciət etməli olacaqlar. Yerli ehtiyatın yaradılması üçün ölkə ərazisində futbolun coğrafiyası genişlənməlidir. Hər yerdə futbol oynanılmalıdır. Premyer Liqadakı 8 klubun heyətinin yarısını əcnəbilərin tutduğunu nəzərə alsaq, Azərbaycanda vur-tut 50 yerli futbolçu var. Müqayisə eləmək istəmirəm. Amma Gürcüstanın elita və birinci liqa yox, təkcə ikinci liqasında 30 komanda oynayır. Bizdə, ümumiyyətlə, ikinci liqa yoxdur. Gürcüstanın bütün yaşayış məntəqələri futbolla əhatə olunub. Bunun nəticəsidir ki, 250-dən çox legionerləri var. Bilmirik ki, özümüzü kimlə müqayisə edək”.

Sabiq funksioner futbol idarəetməsinin zəifliyini bu sahəyə rəhbərlik edən şəxslərlə əlaqələndirib: “Düşünürəm ki, doğru yolu tapmaq üçün futbolu daha yaxşı anlamaq lazımdır. Heç olmasa xarici strukturları, Rusiya, Ukrayna məktəbini öyrənmək lazımdır. Bunlar ki çətin deyil. Məşqçiləri kursa, hakimləri toplanışa göndərmək yox, futbol təsərrüfatının təşkili sistemini öyrənmək lazımdır. Futbol dünyanın maraq dairəsində olan əyləncə növüdür. Bunu biz də mənimsəməli və xalqımıza aşılamalıyıq ki, futbol sevilməlidir. Bəzi rayonlarımızda nəinki stadion, heç top da yoxdur”.