13:17 04-02-2021
news_image
1424
FUTBOL

“Gəncə futboluna sponsorluq edəcək təşkilatı səbirsizliklə gözləyirik” - AFFA

“Mehman Allahverdiyevin təklifi ilə bağlı məlumatımız var”.

Bunu apasport.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.

“Kəpəz”in sabiq prezidenti Mehman Allahverdiyevin Premyer Liqada iştirak üçün Gəncə klubuna sponsor tapması ilə bağlı saytımıza açıqlamasına münasibət bildirən assosiasiya rəsmisi futbol funksioneri ilə söhbətlərinin olduğunu söyləyib: “AFFA-nın nümayəndəsi bununla bağlı Mehman Allahverdiyevlə əlaqə saxlayıb. Mehman müəllim deyib ki, bir nəfər iş adamı var, onunla yemək masası arxasında bir dəfə bu məsələni müzakirə edib. Rusiyada yaşayan Şahin adlı həmin şəxs bildirib ki, Mehman Allahverdiyev “Kəpəz”in rəhbəri olsa, sponsorluq edərəm”.

Firuz Abdulla AFFA-nın hazırda Allahverdiyevdən cavab gözlədiyini vurğulayıb: “AFFA-nın Mehman müəllimdən gözlədiyi cavablar var. Assosiasiya rəsmisi lisenziyalaşdırma qaydaları, şirkətin adı və bu kimi hüquqi prosedurları xatırladıb, ümumi detallarla bağlı onu məlumatlandırıb. Çünki şirkətin adı mütləq sponsor kimi göstərilməlidir. Mehman müəllim cavab verəcəyini deyib, ancaq AFFA hələ də ondan cavab gözləyir. Hər hansı şirkət bir kluba sponsorluq edirsə, onun nümayəndəsinin həmin klubun rəhbərliyində təmsil olunması təbiidir. Biz Gəncə futboluna sponsorluq edəcək təşkilatı səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, Mehman Allahverdiyev “Kəpəz”in prezidenti postunu tutacağı təqdirdə Gəncədəki iş adamlarının kluba sponsorluq vədi verdiklərini bildirib.