14:52 04-02-2021
news_image
609
FUTBOL

İki futbolçu ilə yeni müqavilə bağladı - "Sumqayıt"

“Sumqayıt” iki futbolçusu ilə müqavilə müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, futbol akademiyasının yetirmələri, yarımmüdafiəçilər Rüfət və Səbuhi Abdullazadə komanda ilə 2019/2020 mövsümündə bağladıqları peşəkar müqavilələri yeniləyib. Onların mövcud sözləşmələri 2023-cü ilin yayına qədər uzadılıb.

Qeyd edək ki Rüfət Abdullazadə Premyer Liqada bu mövsüm 8, ümumilikdə 12 oyun, Səbuhi Abdullazadə isə bu mövsüm 8, ümumilikdə 22 oyun (1 qol) keçirib. U-21 millimizin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə Premyer Liqada debüt ediblər. Rüfət qeyd olunmuş mövsümün 11-ci turunda “Keşlə” ilə qarşılaşmada (3:1) ilk Premyer Liqa oyununu keçiribsə, Səbuhi bu uğura 14-cü turda “Kəpəz”lə oyunda (3:0) nail olub.

Rüfət və Səbuhi 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.