15:32 04-02-2021
news_image
1508
FUTBOL

“Keşlə” – “Kəpəz” matçında penalti var idi? – Xaqani Məmmədovdan dəyərləndirmə

“Keşlə” ilə “Kəpəz” arasında keçirilən oyunda baş hakimin penalti qərarı yüz faizlik doğru idi”.

Bunu apasport.az saytına açıqlamasında AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə” – “Kəpəz” matçında qonaqların qapısına təyin edilən penalti qərarını dəyərləndirərkən deyib.

Baş hakim Rəhim Həsənovun 42-ci dəqiqədəki qərarında haqlı olduğunu bildirən Məmmədov son günlər müzakirə olunan epizodla bağlı fikrini belə əsaslandırıb: “Hakimin qərarı düzgün idi. Qapı istiqamətinə gedən top müdafiəçinin qeyri-təbii vəziyyətdə olan əlinə dəydi. Bu da mübahisəsiz penaltidir”.

Uzun müddət AFFA Hakimlər Komitəsinə rəhbərlik etmiş Xaqani Məmmədov əlavə edib ki, futbol qaydalarında tez-tez dəyişikliklərin edilməsi insanları çaşdırır: “Qaydalar tez-tez dəyişdiyi üçün bəzilərinin analoji epizodla bağlı dəyişiklikdən, bəlkə də, xəbəri yoxdur. Məsələn, iki il əvvəl bu epizod qayda pozuntusu hesab olunmurdu. Top oyunçunun başından, bədənindən, ayağından sıçrayanda penalti verilmirdi. Ancaq dediyim kimi, qaydalar dəyişir. Burada da qapı istiqamətinə zərbə zamanı müdafiə olunan komanda üzvünün əli qeyri-təbii vəziyyətdə idi. Əl, demək olar ki, çiyin səviyyəsindədir. Bu da qayda pozuntusudur. Bəziləri də iddia edir ki, məsafə qısadır. Ancaq məsafənin bu epizoda aidiyyatı yoxdur”.

Qeyd edək ki, “Keşlə” “Kəpəz” üzərində məhz Sezar Meza Kollinin penaltidən vurduğu yeganə qol sayəsində 1:0 hesabı ilə məğlub edib.