12:29 05-02-2021
news_image
558
FUTBOL

“Qarabağ”la “Neftçi” səfər sınağında - “Kəpəz” sensasiya arzusunda

Sabah Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Apasport.az saytının məlumatına görə, yarımfinala vəsiqələrin sahibləri iki gün ərzində müəyyənləşəcək.

İlk oyun gününə Qəbələdə start veriləcək. Ötən mövsüm yarımçıq qaldığından kubokun son qalibi sayılan “Qəbələ” evdə “Qarabağ”ı qəbul edəcək. İlk oyunda inamlı qələbə qazanan Qurban Qurbanovun yetirmələri favoriti olduğu cütdəki üstünlüyünü qorumağa çalışacaq. Elmar Baxşıyevin komandası isə son çempionla dueldə sensasiyaya ümid edir.

Bu cütün qalibinin yarımfinaldakı rəqibi də sabah bəlli olacaq. “Səbail” səfərdə məğlub etdiyi “Sumqayıt”ı sınağa çəkəcək. Ayxan Abbasovun yetirmələri 5 gün əvvəlki məğlubiyyətin revanşına köklənib. Aftandil Hacıyevin yetirmələri isə avrokuboklara aparan ən qısa yolda uğur qazanmaq əzmindədir.

İkinci oyun günü də paytaxtdan kənarda başlayacaq. 1/4 finala çıxması sensasiya olan “Kəpəz” daha bir möcüzəni reallaşdırmağa çalışacaq. I divizion təmsilçisi Bakıda uduzduğu “Keşlə”ni mübarizədən kənarlaşdırmaq arzusundadır. Yaşar Vahabzadənin komandası “Sabah”ın ardından daha bir autsayderi keçmək üçün doğma arenada mütləq qalib gəlməlidir. Sənan Qurbanovun yetirmələri çempionatdakı uğursuzluğu kubokda unutdurmaq niyyətindədir.

Mərhələyə paytaxt derbisi ilə yekun vurulacaq. “Zirə” öz meydanında “Neftçi”ni sınağa çəkəcək. Səfər qələbəsindən sonra üstünlüyə malik Rəşad Sadıqovun yetirmələri gənc çalışdırıcının debüt mövsümündə yarımfinala çıxmağa yaxındır. Sabiq komandası ilə ilk dueldə uduzan Samir Abasovun komandası isə iki dəfə mübarizdən kənarlaşdırdığı rəqibi bu dəfə də keçmək üçün səfərə yollanacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları aprelin 21-də və 29-da keçiriləcək.

Azərbaycan kuboku
1/4 final
Cavab oyunları

6 fevral (şənbə)
15:00. “Qəbələ” – “Qarabağ”

Qəbələ şəhər stadionu
İlk oyun – 1:3

18:00. “Səbail” – “Sumqayıt”
“ASCO Arena”
İlk oyun – 1:0

7 fevral (bazar)
14:30. “Кəpəz” – “Keşlə”

Gəncə şəhər stadionu
İlk oyun – 0:1

17:30. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 1:0