15:10 05-02-2021
news_image
2339
FUTBOL

“Özünə dəyər verən futbolçu Azərbaycana gəlməz” – Nadir Qasımov

“Neçə ildir çox sayda futbolçu milliləşdirilib, nəsə qazanmışıq? Bu strategiya nəticə vermirsə, eyni yolla getməyin bir mənası yoxdur”.

Bunu apasport.az saytına Azərbaycan yığmasının sabiq məşqçisi Nadir Qasımov milliləşdirilmə məsələsinə münasibət bildirərkən deyib.

72 yaşlı mütəxəssis bildirib ki, indiki vəziyyətdə klublara və milliyə yüksək səviyyəli oyunçu gətirmək mümkün deyil: “Güclü futbolçular görürlər ki, çempionatımızda perspektiv yoxdur. Özünə dəyər verən futbolçu Azərbaycana, buradakı çempionata gəlməz. Pik həddə qalxan adam heç vaxt sıfıra düşmək istəməz. Perspektiv olsaydı, xarici klublar bizim futbolçulara fikir verərdilər, dəvət edərdilər. Hansısa futbolçumuzun xarici kluba baxışa çağırılmasına sevinirik. Oyunçularımızın legioner həyatı yaşamasının həsrətindəyik. İstənilən futbolçu harasa gedəndə ilk növbədə oranın çempionatına fikir verir. Bizim çempionatımızın səviyyəsi də xoşagəlməzdir. İlk növbədə çempionatın səviyyəsini qaldırmaq, ondan sonra legionerlər haqda fikirləşmək lazımdır. İndikilərlə 60-70-ci illərdəki futbolçuları müqayisə etmək olmaz. O vaxt biz Türkiyədə “Qalatasaray”ı məğlub edirdik. Bu gün “Qalatasaray” haradadır, bizim klublar harada”.

Yığmamızın baş məşqçisi Canni de Byazinin milliləşdirilməyə potensial namizədlərin oyununu görmək üçün Antalyaya yollanmasına fikir bildirən Qasımov bunun heç bir xeyrinin olmayacağı qənaətindədir: “Yeni təyin olunan məşqçi istəyər ki, işlədiyi ölkədə ad qazansın. Bizə hər səviyyədə məşqçi gəlib. Amma nəticə eyni olub. Hətta mənə elə gəlir ki, Əsgər Abdullayevin millidə göstərdiyi nəticə əcnəbi məşqçilərin hamısından yüksək olub. Bu gün millinin potensialı elə səviyyəyə düşüb ki, seçim barədə acınacaqlı vəziyyət yaranıb. Gizli deyil ki, “Sumqayıt”ı çıxmaq şərtilə hər klubda 4-5 yerli futbolçu oynayır. Qalanları legionerlərdir. De Byazini qınaya bilmirəm. Çünki onun seçim imkanı çox azdır. 40-50 oyunçu arasında seçim edəndə əlbəttə ki, rəqabət çox zəif olar. De Byazi də milliləşdirilmələrlə yığmanın səviyyəsini qaldırmaq istəyir. Amma qısa müddətdə bunun xeyir verəcəyinə inanmıram”.

Ölkəmizdə müxtəlif klubları çalışdırmış veteran məşqçi çıxış yolunun uşaq futbolunda olduğunu düşünür: “Bizə gələn legionerlər də zəifləyib. Bəzən ola bilər ki, yaxşı əcnəbi gəlir. Amma çempionatımız, futbolçularımız lazımi səviyyədə olmadığından, onlar da gəlib ustalıqlarını itirirlər. Pulları boş yerə xərcləməkdənsə, onları ölkədə fəaliyyət göstərən komandaların akademiyalarına ayırmaq lazımdır. Təbii ki, akademiyalarda seçimləri də düzgün aparmaq lazımdır. Daha “papa, mama” və ya “dayday”lı uşaqları yığmasınlar. Biz elə bilirik ki, akademiya açıldısa hər şey düzəldi. Məşqçilər, həkimlər də bu işin peşəkarları olmalıdır. Uşaqların təhsilinə ciddi diqqət yetirmək vacibdir. Savadlı uşaqdan güclü də futbolçu çıxar. Belə uşaqların düşüncə qabiliyyəti yüksək olur, ani vəziyyətlərdə düzgün qərar verir. Gücü uşaq futboluna versək, 10 ildən sonra istəyimizə nail ola bilərik. Təəssüf ki, bu gün belə şeyləri deyil, ordan-burdan legioner gətirməyi düşünürük. Belədə də ancaq milyonlarımız gedəcək”.