11:01 09-08-2008
news_image
378
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov Qran-Pri turnirində liderliyini qoruyub

Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın Soçi şəhərində təşkil olunan şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsi çərçivəsində VIII turun oyunları keçirilib. “APA-Sport”un məlumatına görə, Azərbaycan milli komandasının üzvləri hesabat turunu xal itkisi ilə başa vurublar. Liderlər qrupunda qərarlaşan Teymur Rəcəbov rusiyalı Aleksandr Qrişukla, Vüqar Həşimov isə ermənistanlı Levon Aronyanla heç-heçə edib. İvan Çeparinov (Bolqarıstan) - David Navara (Çexiya), Dmitri Yakovenko (Rusiya) - Sergey Karyakin (Ukrayna) görüşlərində də qalib müəyyənləşməyib. Digər oyunlarda Van Yue (Çin) Boris Qelfandı (İsrail), Vasili İvançuk (Ukrayna) Pyotr Svidleri (Rusiya) Qata Kamski (ABŞ) isə Məhəmməd Əl Modiakini (Qətər) məğlub edib. Səkkiz oyundan sonra turnir cədvəlinə 5 xalla T. Rəcəbov və İ. Çeparinov başçılıq edir. Onların ən yaxın izləyiciləri hərəyə 4 xal toplayan V. Həşimov, L. Aronyan, Q. Kamski, V. İvançuk və V. Yuedır. Bu gün IX turun oyunları keçiriləcək: V. İvançuk - İ. Çeparinov, D. Navara - B. Qelfand, V. Yue - T. Rəcəbov, A. Qrişuk - Q. Kamski, L. Aronyan - P. Svidler, S. Karyakin - V. Həşimov, M. Ə. Modiaki - D. Yakovenko.