01:13 07-02-2021
news_image
286
FUTBOL

“Təmiz qolumuz sayılmadı” – “Fənərbaxça”lıların etirazı

Türkiyə Super Liqasının XXIV turunda “Qalatasaray”a evdə məğlub olan (0:1) “Fənərbaxça” matçın hakimliyindən narazı qalıb.

Apasport.az saytının məlumatına görə, “sarı-lacivərdlilər” Ozan Tufanın 75-ci dəqiqədə vurduğu qolun sayılmamasına üsyan edib.

Klub prezidenti Ali Koç və baş məşqçi Erol Bulut VAR-a baxıldıqdan sonra baş hakim Cüneyt Çakırın ləğv etdiyi qolun qaydalar çərçivəsində vurulduğunu düşünür. Ali Koçun fikrincə, hakim həmin epizodda kobud səhvə yol verib: “Ofsayd qeydə alınan həmin epizodda təmiz qol vurduq. Əlimizə gələn şəkillər, videolar bunu sübut edir. Bu qədər incə vəziyyətə baxmaq heç bir dəqiqə çəkmədi və baş hakim özü də kənara gedib izləməyə lüzum görmədi. Bu çox qəribədir”.

Erol Bulut isə onlara qarşı hər zaman haqsızlıqlar olduğunu söyləyib: “Ləğv edilən qolumuz qaydalar çərçivəsində vurulmuşdu. Super Liqada “Fənərbaxça”ya qarşı epizodlarda xətt hər zaman fərqli çəkilir. Bu halla əvvəlki oyunlarda da üzləşmişik. Nədənsə bunlar yalnız bizim başımıza gəlir”.

Qeyd edək ki, hazırda “Qalatasaray” və “Fənərbaxça” hərəyə 48 xalla müvafiq olaraq 1-2-ci pillələrdə qərarlaşıblar.