00:35 08-02-2021
news_image
119
FUTBOL

“Liverpul” & “Mançester Siti” – rekordlar, antirekordlar

İngiltərə Premyer Liqasında XXIII turun mərkəzi oyunu “Enfild Roud”da baş tutub.

Apasport.az saytının məlumatına görə, son çempion “Liverpul” hazırkı lider “Mançester Siti” ilə görüşüb.

Qonaqların 4:1 hesabı ilə qalib gəldiyi görüş maraqlı statistik məqamlarla əlamətdar olub. Onlardan bəzilərini təqdim edirik:

“Mançester Siti” 2003-cü ilin mayından sonra ilk dəfə səfərdə “Liverpul”a qalib gəlib. 2:1 hesablı qələbədən sonra 19 matç meydan sahibləri uduzmamışdı.

“Liverpul” öz meydanında sonuncu dəfə 2009-cu ilin aprelində 4 top buraxıb. 12 il əvvəl “mersisaydlılar” “Arsenal”la heç-heçə oynayıb – 4:4.

Bundan əvvəl “Brayton”la “Bernli”yə eyni – 0:1 hesabı ilə uduzan “Liverpul” ardıcıl 3-cü ev məğlubiyyətini alıb. Belə hadisə sonuncu dəfə 58 il öncə - 1963-cü ilə yaşanıb. Ümumiyyətlə isə liverpullular son 5 ev matçında qələbə qazana bilmir.

“Mançester Siti” ardıcıl 14 qələbə qazanmaqla İngiltərə çempionatları tarixinin rekordunu təkrarlayıb. 1892-ci ildə “Preston”, 1987-ci ildə “Arsenal” bunu bacarıb.
    
Ardıcıl 14 çempionat oyunundakı qələbə Pep Qvardiolanın karyerasında rekorddur. “Barselona” və “Bavariya”da çalışmış ispaniyalı ən yaxşı halda Münhen klubu ilə 13 qələbə qazanıb.

Bu qələbə ilə Pep Qvardiola ilə Yurgen Kloppun duellərində bərabərlik yaranıb. Hərəyə 9 qələbəsi olan mütəxəssislər 21 dueldə cəmi 3 dəfə sülhlə ayrılıb.

“Liverpul” ötən mövsümün 23 oyununda 67 xal toplamışdısa, bu dəfə eyni dövrdə 40 xal yığıb. Çempionun növbəti mövsümdəki 27 xallıq eniş İngiltərə çempionatlarında antirekorddur.