09:24 08-02-2021
news_image
1824
FUTBOL

Kamran Quliyevlə “Neftçi” antirekordu təkrarladı - rekord əldən gedir

“Neftçi” ardıcıl üçüncü dəfə Azərbaycan kubokunun yarımfinalına həsrət qalıb.

Apasport.az saytının məlumatına görə, 1/4 finalda “Zirə” səddini adlaya bilməyən (0:1, 0:0) Bakı təmsilçisi 2018/19 və 2019/20 mövsümlərindəki göstəricisini təkrarlayıb.

Paytaxt klubu əvvəlki iki mövsümdə də 1/4 finaldan o yana gedə bilməmişdi. “Ağ-qaralar” yarımfinal həyəcanını sonuncu dəfə 2017/18 mövsümündə yaşayıb.

Ardıcıl üç mövsümdə kubokun 1/4 finalında dayanmaq isə “Neftçi” tarixinin antirekordudur. İki dəfə belə halla üzləşən bakılılar yenidən ən pis seriyasını təkrarlayıb.

“Ağ-qaralar” 1992, 1993 və 1993/94 mövsümlərində, həmçinin 2008/09, 2009/10 və 2010/11 mövsümlərində üçillik həsrət yaşayıb. Azərbaycan kuboku tarixində üçüncü dəfə “3” alan paytaxt klubu hazırkı prezidenti Kamran Quliyevin rəhbərliyi dönəmində 1/4 finalda “ilişib”. Düzdür, “Neftçi”nin sonuncu dəfə oynadığı yarımfinalda - 2017/18 mövsümündə kluba o rəhbərlik edirdi. Amma funksioner komanda yarımfinal çıxandan sonra bu vəzifəyə gəlib. Bunadək isə Quliyevin rəhbərlik etdiyi “Sumqayıt” tarixində ilk dəfə yarımfinala çıxmışdı.

“Neftçi” 29 ölkə kubokundan 17-də yarımfinalda oynamaqla mütləq rekordun sahibi idi. Növbəti dəfə büdrəmək rekorda şərikin çıxması ilə nəticələnib. Artıq “Qarabağ”ın da aktivində 17 yarımfinal var. Öz antirekordunu təkrarlamaqla mütləq ölkə rekordunu əldən verməkdə olan “Neftçi” uğursuz seriyanı gələn mövsüm də davam etdirsə, hər iki göstəricidə təkrarlanmaqdan əsər-əlamət qalmayacaq. Bakılılar yeni antrirekorda, “Qarabağ” isə mütləq rekorda sahib çıxacaq.