09:59 08-02-2021
news_image
1053
FUTBOL

FİFA Portuqaliya millisinin durumunu çətinləşdirdi – yığmamızla oyunöncəsi

DÇ-2022-nin seçmə mərhələsində ilk oyunlarını Azərbaycan və Serbiyaya qarşı keçirəcək Portuqaliya yığması tam heyətlə çıxış edə bilməyəcək.

Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, buna səbəb FİFA-nın koronavirus pandemiyası qaydalarında etdiyi dəyişikliklərdir.

Ali futbol qurumunun qərarına əsasən, geri qayıtdıqdan sonra karantinə alınacaq futbolçunu milliyə buraxıb-buraxmamaq klubların səlahiyyətində olacaq. Bu isə İngiltərə klublarının əlini gücləndirib. Çünki İngiltərə hökumətinin qərarına görə, Cənubi Amerika ölkələri, eyni zamanda Portuqaliya “qırmızı zona” sayılır və oradan gələn oyunçular 10 günlük karantinə alınmalıdırlar.

Portuqaliya yığmasının 10-dan çox futbolçusunun Premyer Liqada çıxış etdiyini nəzərə alsaq, Fernando Santosun işi xeyli çətinləşəcək. “Liverpul” və “Mançester Yunayted” artıq bəzi oyunçularını buraxmamaq qərarına gəlib. “Qırmızılar” portuqaliyalı hücumçu Dioqo Jota ilə yanaşı, braziliyalı futbolçularını mövsümün kritik dönəmində əldə saxlamaq fikrindədir. Həmçinin “Mançester Yunayted” də komandanın liderlərindən olan Bruno Fernandesi millimizlə görüşə buraxmaq istəməməsi ilə bağlı FİFA-ya müraciət edəcək.

Qeyd edək ki, Portuqaliya yığması DÇ-2022-nin seçmə mərhələsində martın 24-də Azərbaycan, 27-də Serbiya ilə, 30-da isə yoldaşlıq görüşündə Lüksemburqla qarşılaşacaq.