14:53 08-02-2021
news_image
1025
FUTBOL

Rahid Əmirquliyev: “İki dəfə simulyasiya olduğunu dedim, gördüm ki, xeyri yoxdur” - MÜSAHİBƏ

“Səbail” klubunun kapitanı Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi

- Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt” üzərində ilk oyundakı qələbədən (1:0) sonra yarımfinala yaxın görünürdünüz. Bunu reallaşdırmaq üçün komandada nə çatmadı?
- Düzdür, birinci oyundan yaxşı mübarizə və uğurlu nəticə ilə qayıtmışdıq. Buna baxmayaraq, cavab matçının ağır olacağını bilirdik. Çox ciddi hazırlaşmışdıq. İlk dəqiqələrdən görüşə yaxşı qoşula bilmədik. “Sumqayıt”a üstünlük verdik. Yenə də 0:0 hesabı bizə sərf edirdi. Ancaq qısa müddətdə iki top buraxmağımız bütün planlarımızı pozdu. Doğrudur, bunda hakimin də rolu oldu, yersiz penalti verdi. Ondan sonra üstün tərəf biz olsaq da, istədiyimiz qolları vura bilmədik. Vurduğumuz top da çox gec gəldi.

- Qapınıza təyin olunan penaltinin birbaşa iştirakçısı idiniz. Həmin epizod necə cərəyan etdi?
- Düzdür, penalti mənə görə oldu. Amma orada penaltidən söhbət gedə bilməzdi. Sadəcə, hakim belə qərar verdi. Penalti olacağını düşündüyüm üçün dayandım, topa doğru irəliləmədim. “Sumqayıt”ın futbolçusu özü ayağını mənə ilişdirərək yıxıldı. Penalti yox, simulyasiya idi. Ancaq hakim epizodu belə dəyərləndirdi.

- Maraqlıdır ki, bu qərara çox etiraz etmədiniz. Sanki baş hakim Orxan Məmmədovun qərarı sizin üçün təəccüblü olmadı...
- Bəli, aşkar simulyasiya idi, amma ondan sonra nə etsək, hakim qərarını dəyişməyəcəkdi. Ona iki dəfə simulyasiya olduğunu dedim, amma gördüm ki, xeyri yoxdur. Onsuz da, qərarını dəyişən deyildi. Bu səbəbdən çox etiraz da bizə heç nə qazandırmayacaqdı.

- Həmin penaltini oyunun dönüş nöqtəsi saymaq olar?
- Əlbəttə. Hesab 0:0 idi və getdikcə oyun bizim üçün daha rahat olacaqdı. Penaltidən buraxılan qoldan sonra mübarizə tam başqa cür keçdi. Demək olar ki, qırılma nöqtəsi hakimin həmin qərarı oldu.

- Həmçinin sayılmayan bir qolunuz da var idi ki, çox müzakirələrə səbəb oldu. Belə demək olar ki, “Səbail” hakim səhvlərinin qurbanı oldu?
- İkinci hissədə qol vursaq da, yan xətt hakimi bayrağını qaldırdı, ofsayd qeydə alındı. Oyundankənar vəziyyətdə olan Rauf Əliyev idi, qolu isə Əfran İsmayılov vurdu. Bu epizoda dəqiq şərh verə bilmərəm, bilmirəm onlar belə hərəkətlərə necə baxırlar, necə qərar verirlər. Rauf heç topa dəyməmişdi. Deyirlər ki, qapıçıya mane olmuşdu. Bu epizoda dəqiq söz demək çətindir. Ümumilikdə matçda hakim səhvləri çox oldu. Bütün ikili mübarizələrdə “Sumqayıt”ın xeyrinə qərarlar verirdi. Olmayan penalti verdi, qolumuzu saymadı. Belə penalti verən idisə, “Sumqayıt”ın qapısı qarşısında müdafiəçinin əlinə dəyən topa görə də eyni addımı atardı. Hətta ilk matçda da vurduğumuz qolu hakim saymamışdı. Halbuki orada da ofsayd yox idi. Ümumi götürəndə hakimlərin səhvlərinə görə yarımfinala adlaya bilmədik. Bununla “Sumqayıt”ın qələbəsinə kölgə salmaq istəmirəm. “Sumqayıt” yaxşı komandadır. Ancaq hakim səhvləri bizə imkan vermədi. Ötən il də “Zirə” ilə matçın son dəqiqələrində qol vurmuşduq və həmin topla mərhələ keçməli idik. Hakim təmiz qolumuzu saymadı, mərhələ adlayan tərəf “Zirə” oldu. Artıq iki ildir ki, hakimlərin səhvləri ucbatından kubokda mübarizəni dayandırırıq.

- Futbol ictimaiyyətində VAR sisteminə qarşı olan kifayət qədər insan var. Halbuki VAR olsaydı, yəqin ki, qapınıza təyin olunan penalti ləğv ediləcəkdi. Sizin VAR-la bağlı düşüncələriniz nələrdir?
- VAR sistemini qınayanlar da var, lehinə olanlar da. Ancaq düşünürəm ki, VAR sistemi tətbiq edilsə, daha yaxşı olar. Bunun sayəsində bir çox haqsızlıqların qarşısı alınardı. Təkcə “Sumqayıt”la matçı demirəm. Ümumiyyətlə, oyunlarda hakim səhvləri çox olur. Onlar da insandırlar. VAR sistemi həm onların işini rahatlaşdırar, həm də haqsızlıqları azaldardı.

- Premyer Liqanın növbəti turunda da rəqib “Sumqayıt” olacaq. Bu məğlubiyyətdən sonra həmin matçın sizin üçün prinsipial olacağını düşünmək olar?
- Ardıcıl üçüncü dəfə “Sumqayıt”la qarşılaşacağıq. Prinsipial olacağını deməzdim. Bizim “Sumqayıt”la nə prinsipimiz ola bilər? Çempionatda mövqeyimizi bir qədər yaxşılaşdırmaq baxımından bizim üçün çox vacib oyundur. Tam ciddi yanaşaraq, Sumqayıtdan lazımi nəticə ilə qayıtmağa çalışacağıq. Ölkə kubokunda 1/4 final mərhələsinin ilk görüşündə səfərdə bunu edə bilmişdik. Niyə də çempionatda eyni uğuru təkrarlamayaq?

- Ölkə kubokundan avrokuboklara yollanmaq şansınız əldən çıxdı. Premyer Liqada bundan sonra nəyə ümid edirsiniz?
- Avrokuboklara düşmək üçün ölkə kuboku ən yaxın yol sayılır. Təəssüf ki, bundan istifadə edə bilmədik. Çempionatdan az da olsa avrokuboklara düşmək şansımız var. Bundan sonra hər görüşdə maksimum nəticə qazanmağa çalışacağıq. Turnir cədvəlində nə qədər irəliləyə bilsək, bir o qədər yaxşıdır.

Ruslan Sadıqov