13:05 09-02-2021
news_image
1704
FUTBOL

Milliləşdirib, milliləşin – bəlkə futbolumuz düzələ

Milli komanda qürur mənbəyi, fəxr yeri olmalıdır. Bu formanı geyinənlər italyanlar kimi himn səslənəndə sevgisini hayqıraraq göstərməli, türkiyəlilər kimi bayrağı görəndə coşmalıdır.

Udsa da, uduzsa da o komandaya olan hörmət azalmamalıdır (hərçənd biz birinciyə həsrətik). Bir şərtlə ki, rəhbərindən tutmuş sadə işçisinə qədər hamısının bir amalı olmalıdır – ölkənin adını ucaltmaq, milli naminə iş görmək.

Təəssüf ki, Azərbaycan millisində illərdir bunun tam əksi müşahidə olunur. Himn səslənəndə meydandakıların yarıdan çoxu gözünü döyürsə, uduzsa belə, fikri alacağı “premiya”dadırsa, bu müqəddəs formanı onlara verənlər utansın. Həmin milliləşən futbolçuları qınamaq da olmaz. Çünki başqa ölkənin vətəndaşlarıdır və onlar üçün öz himnləri müqəddəsdir. Onları bura gətirənlər isə utanmaq bir yana qalsın, bu əməlləri ilə qürur duyurlar. Utanan kəs illərdir alınan uğursuzluğa ən azı bəhanə axtarmağa çalışar, daha uğurlu iş kimi gözə soxmaz.

Çox hörmətli Canni de Byazi müəllim Antalyaya gedəndə hörməti ondan da böyük olan AFFA rəsmi saytı vasitəsilə bunu elan etdi. Nə imiş, kişi milliləşməyə potensial namizədləri izləyəcək. Bir qəbahət iş görürsən, bari bunu gizlin et də. Aləmə car çəkmək o deməkdir ki, milliləşdirirəm, əcəb edirəm. Bu bilirsiniz nəyə oxşayır? Elə bil klublarımız Antalya toplanışındadır, baxışa oyunçu çağırırlar. Əgər bir futbolçunu milliləşdirirsənsə, onun komandanı gücləndirəcəyinə əminsən. Amma yoxlama görüşündəki performansını izləməyə gedirsənsə, deməli, əmin deyilsən. Yığmanı gücləndirməyəcək futbolçu üçün niyə vaxt itirəsən axı? Olmaya məqsədiniz başqadır?

İllərdir az qala hər yoldan keçəni milliləşdirən AFFA-nın bundan nə xeyir əldə etdiyini bilmirəm, amma Azərbaycan futbolu sürətlə geriləyir. Dünyada futbol müasirləşdikcə, federasiyalar, klublar buna uyğun inkişaf etdikcə, Azərbaycan millisi, klubları müstəqilliyin ilk illərindəki xaotik duruma doğru “inamla irəliləyir”. Dünən “cırtdan” saydıqlarımız bu gün “kaş qrupumuza Azərbaycan yığması düşsün” deyirlər.

Bu şəraiti yaradanlar doğru istiqaməti axtarmaq əvəzinə kələ-kötür yolda addımlamaq sevdasından əl çəkmirlər. Ciblərini doldurub Azərbaycan pasportu verdikləriniz ilk çətin andaca millini satmadılarmı? Koronavirusu bəhanə edib gəlmədilər ki, birdən qayıdanda karantinə alınarlar, klubun oyununu buraxarlar. Heç düşündünüzmü ki, qonşuluğumuzdakı yığmaların futbolçuları niyə bunu etmədilər? Axı milliləşdirdiyiniz yadlardan nə gözləyirdiniz?

AFFA sanki acığa düşüb, milliləşmə prosesini daha da genişləndirməyə başlayıb. Birdən çaşıb ölkə daxilində bir iş görərsiniz, futbolçu yetişməsinə töhfə verərsiniz. Əlinizə bir siyahı alıb, orda-burda axtarışlar aparmaqla “Azərbaycanda futbolçu da yoxdur, futbol da” fikrini özünüz təsdiqlədirsiniz. Azərbaycandan yığmaya futbolçu tapılmırsa, o zaman AFFA-da bəzi rəhbərlər, klub rəhbərləri oturduqları isti kreslodan niyə qalxmırlar? Gedin, başınız çıxan işlə məşğul olun, imkan verin, futbolu da bu sahədən anlayışı olanlar, ölkəyə, onun idmanına canı yananlar idarə eləsin.

Futbolçuların Azərbaycan kökü olmasını da gözə soxmaq lazım deyil. Futbolda legioner milliyyətlə yox, vətəndaşlıqla ölçülür. Sizin məntiqinizlə Maksim Medvedev, Vadim Vasilyev, Vyaçeslav Lıçkin, Dmitri Kramarenko kimi futbolçular Rusiya yığmasında oynamalı idilər. Nə Emin Mahmudov, nə Ramil Şeydayev, nə Bədavi Hüseynov, nə də digərləri sizin futbolunuzun yetirməsi deyil, oğurluq tapıntılarınızdır. Həmin futbolçuların xətrinə dəyməsin, amma onlar Rusiya yığmasına lazım olmadıqları üçün buranı seçiblər. Elə indi siyahınızda olan yeni adlar da yaşadıqları ölkə millisinə düşəcək səviyyədə deyillər ki, biçarə və onlar üçün cəlbedici təklifinizi müsbət cavablandırırlar.

Yarıtmaz fəaliyyət nəticəsində milliləşmənin futbolumuza bəlkə bir şərtlə faydası ola bilər. O da elə başda vitse-prezident Elxan Məmmədovun yerinə olmaqla, AFFA-nın özünə milliləşən kadrlar cəlb etməklə. Lakin Avstriyadan bəh-bəhlə gətirilən Fritz Ştuxlikin işi də buna nikbin yanaşmağa imkan vermir...

Cabir Ağalı