15:28 09-02-2021
news_image
878
FUTBOL

“İndiki rəhbərlik Sadıq Sadıqovun gördüyü işin 10 faizini etməyib” - “Forza Neftçi”nin rəhbəri

“12 il az müddət deyil. “Forza Neftçi”nin yaşı, təcrübəsi Azərbaycan Premyer Liqasında iştirak edən əksər klublardan çoxdur”.

Bunu apasport.az saytına yaranmasının 12 yaşı tamam olan “Forza Neftçi” fan-klubunun rəhbəri Sübhan Əliyev deyib.

Əliyev tribunalara azarkeşlərin buraxılması prosesinə start verildikdən sonra “Forza Neftçi”nin dönüşünün daha diqqətçəkən olacağını söyləyib: “12 il fəaliyyət göstərən azarkeş qrupunu üzmək olmaz. “Neftçi” belə bir dəstəkçiləri olduğu üçün fəxr etməlidir. Ancaq təəssüf ki, bu azarkeşləri üzürlər. Ölkədəki ümumi vəziyyət düzəldikdən sonra əminəm ki, 12-ci oyunçunun tribunalara dönüşü möhtəşəm olacaq”.

Fan-klub rəhbəri geridə qalan 12 il ərzində kluba rəhbərlik etmiş prezidentlər arasında müqayisə aparıb: “Neftçi”nin hansı azarkeşindən soruşsanız, ən uğurlu rəhbər kimi Sadıq Sadıqovun adını çəkər. Nəticələr bunu göstərir. İndikilər Sadıq Sadıqovun gördüyü işin 10 faizini etməyiblər. Bizim klublarda başa düşmürlər ki, azarkeşə pul, maşın lazım deyil. Azarkeş nəticəyə baxır. Ötən 12 ilə də nəzər yetirəndə “Neftçi” azarkeşlərinin ürəyindən Sadıq Sadıqovun kluba qayıtması keçir. Kimdən soruşsanız, bu arzusunu dilə gətirəcək. Bilirsiniz, biz “Neftçi”nin düşməni deyilik, bu klubu rəhbər postda oturanların hamısından çox istəyirik. Sadıq Sadıqovun dönəmində qələbələr, çempionluqlar qazanılırdı. Belə vəziyyətdə rəhbərliklə azarkeşlərin arası niyə pis olsun? Nəticə olmadıqda, əlbəttə ki, azarkeş təzyiq edəcək”.

Ən yaxşı baş məşqçi və futbolçu seçimi də edən Sübhan Əliyev “ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə daşımaqla Azərbaycan futbol tarixində ilkə imza atan şəxsləri fərqləndirib: “Baş məşqçi kimi “imperator” Böyükağa Hacıyev bizim üçün əvəzedilməzdir. O, hətta bizdən sonrakı gənclərin də ürəyində olacaq. Böyükağa müəllimi unuda bilmərik. O ki qaldı futbolçu seçiminə, şəxsən mənim fikrimcə, “Neftçi”nin çempionluqlarında ən böyük pay sahibi Flavinyo oldu. Düzdür, “Neftçi” azarkeşinin xətrini ən çox istədiyi futbolçu Saşa Stamenkoviçdir. O, azarkeşlərin dostu idi. Amma Flavinyonun komanda üçün əməyi daha böyük olub”.

“Neftçi”nin hazırkı durumuna da toxunan klubun sadiq azarkeşi vəziyyətin ürəkaçan olmadığını etiraf edib: “Neftçi”dən qələbələr gözlədiyimiz bir vaxtda 5-6 ilin komandası olan “Zirə”yə uduzurlar. “Neftçi” bizə ən pis ad günü hədiyyəsi verdi. Ölkə futbolunun flaqmanı kubokda bir mərhələ keçə bilmirsə, azarkeş razı qala bilməz. Guya klubun büdcəsi azalıb. Bunlar nağıldan başqa bir şey deyil. Büdcə “Qarabağ”dan az ola bilər, “Zirə”dən az deyil ki. “Neftçi” kubokda bir mərhələ adlaya bilmirsə, günah azarkeşlərdə yox, kluba baxanlardadır. O ki qaldı heyətə, əvvəlki “Neftçi”nin qığılcımını yalnız Sabir Buqrində görə bilirik. Komandaya layiq oyunçudur. “Neftçi”də Buqrin kimi 5-6 əcnəbi futbolçu olmalıdır. Futbolda pul hər şey deyil”.