16:42 09-02-2021
news_image
1984
FUTBOL

AFFA axtarış coğrafiyasını genişləndirir – növbədə Gəmicibaşıdır

Milliləşmə siyasətini sürətləndirən AFFA axtarış coğrafiyasını gündən-günə genişləndirir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, bu dəfə Avstriyada çıxış edən bir futbolçu assosiasiyaya təklif edilib.

Söhbət həmin ölkənin ikinci liqasında çıxış edən “Blau-Vayss Lins”in yarımmüdafiəçisi Turqay Gəmicibaşıdan gedir. AFFA-nın müxtəlif ölkələrdə Azərbaycan, Türkiyə, Rusiya əsilli oyunçularla bağlı araşdırma aparması Avstriyadakı menecerlərin də diqqətini cəlb edib. Nəticədə Türkiyənin U-17 və U-18 yığmasında ümumilikdə 4 oyun keçirmiş 25 yaşlı orta sahə oyunçusu baş məşqçi Canni de Byazinin izləniləcəkləri siyahısına əlavə olunub.

Almaniyada doğulan və Drezden “Dinamo”sunun yetirməsi olan Turqay Filipp Gəmicibaşı “Köln”, “Leypsiq”, “Kayzerslautern” kimi klubların aşağı yaş qruplarında oynayıb. Tez-tez komanda dəyişməsi ilə diqqət çəkən dayaq yarımmüdafiəçisi Avstriyaya 2017-ci ildə köçüb. Həmin vaxt “Qarabağ Vyana” adlanan hazırki “Mauerverk”ə üz tutan və orada iki il oynayan Gəmicibaşı 2019-cu ilin yayından formasını geyindiyi “Blau-Vayss Lins”in əsas heyət üzvüdür.

Qeyd edək ki, yığmamızın baş məşqçisi Canni de Byazinin bəyəndiyi Ukraynanın “Minay” klubunun futbolçuları Anatoli Nuriyev və Rüstəm Əhmədzadənin milliləşəcəyini ilk olaraq saytımız yazıb.