00:36 11-02-2021
news_image
645
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov yarımfinalda - YENİLƏNİB

“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində pley-off mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, mükafat fondu 100 min ABŞ dolları olan yarışın beşinci günündə 1/4 final mərhələsinin ikinci matçları keçirilib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Niderland qrossmeysteri Aniş Giri ilə növbəti görüşü baş tutub. İlk qarşılaşmada olduğu kimi, yenə 2:2 hesabı qeydə alınıb. 

Hesab bərabər olduğundan şahmatçılar blitsdə zəkalarını yoxlayıblar. 2 oyundan ibarət mübarizədə qrossmeysterimiz üstün olub (1,5:0,5) və növbəti mərhələyə yüksəlib. 

Onun yarımfinaldakı rəqibi ABŞ təmsilçisi Uesli So olacaq. Digər 1/2 final görüşündə Maqnus Karlsenlə (Norveç) Maksim Vaşye-Laqrav (Fransa) üz-üzə gələcək. 
 
Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq. Yarımfinal matçları isə fevralın 11-12-də olacaq. 

“Opera Euro Rapid”
1/4 final, ikinci matç
10 fevral
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (Azərbaycan) - 2:2 
(0,5:0,5, 0,5:0,5, 0,5:0,5, 0,5:0,5)
Tay-brek: 0,5:1,5 (0,5:0,5, 0:1)
İlk oyun: 2:2 (0,5:0,5, 0,5:0,5, 0:1, 1:0)