10:37 10-02-2021
news_image
1198
FUTBOL

4 ay əvvəl qol vurub, 14 ay əvvəl 90 dəqiqə oynayıb – “Neftçi”nin qol ümidi

“Neftçi” klubu “transfer pəncərəsi”nin son günlərində hücum xəttində yaranan boşluğu Sofiya MOİK-indən Ahmed Ahmedovu icarəyə götürərək doldurub.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı forvardın flaqmanın qol problemini həll edəcəyi o qədər də inandırıcı görünmür.

Ahmedovun cari mövsümün ilk yarısındakı performansı belə düşünməyə əsas verir. Hər halda, ötən ilin əvvəlindən MOİK-in formasını geyinən oyunçunun birillik statistikası heç də ürəkaçan deyil.

Ötən mövsümün ilk 6 ayında cəmi 6 matçda meydanda olan Ahmed cari mövsüm də sofiyalıların əsas heyətində özünə yer edə bilməyib. Bolqarıstanlı bu mövsüm 18 matçda iştirak edib ki, bunun 11-i çempionat, 7-si isə Avropa Liqasına təsadüf edib. Ümumilikdə 392 dəqiqə meydanda qalan Ahmedov bunun yalnız ikisində bir hissədən artıq oynayıb, bir dəfə isə 45 dəqiqə mübarizə aparıb. Baş məşqçi ona adətən görüşlərin 70-ci dəqiqəsindən sonra şans verib. Dörd dəfə də sona 2-3 dəqiqə qalmış vaxt aparmaq üçün nəzərdə tutulan əvəzləmə ilə meydana daxil olub.

Mərkəz hücumçusu ilə yanaşı, ikinci forvard kimi də oynamağı bacaran Ahmedov MOİK-in heyətində cəmi 3 qol sevinci yaşaya bilib. Bunun 2-si Avropa Liqasının təsnifat mərhələsinə, 1-i isə Bolqarıstan çempionatına təsadüf edib. “Neftçi”də qol yükünü daşımalı olan forvard sonuncu qoluna 4 ay əvvəl – oktyabrın 4-də sevinib.

Burqas “Çernomorest”inin yetirməsi olan Ahmed Ahmedov MOİK-dən əvvəl iki il formasını geyindiyi ilk elita komandası “Dunav”da da yüksək qolçuluq bacarığı ilə seçilməyib. O, sonuncu dəfə 90 dəqiqəni də məhz bu komandanın heyətində - 2019-cu il dekabrın 1-də keçirib. Futbolçu karyerası ərzində Bolqarıstan yüksək liqasında ümumilikdə 78 matçda iştirak edib, cəmi 15 dəfə fərqlənib.