17:54 10-02-2021
news_image
230
FUTBOL

Sonradan klub prezidenti olan məşhur futbolçular - SİYAHI

Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder ölkəsinin ikinci liqasında çıxış edən “Den Boş”un səhmlərini almaq fikrindədir.

Apasport.az saytının məlumatına görə, iki il əvvəl karyerasını başa vuran 37 yaşlı sabiq yarımmüdafiəçi maliyyə böhranı ilə üzləşən “Den Boş”u bu durumdan çıxarmaq üçün artıq rəsmi təklifini edib.

Sneyder buna nail olarsa, bir neçə həmkarına qoşulacaq. Çünki hazırda bəzi klubların sahibləri arasında sabiq oyunçular da var. Bu yazıda yaşıl meydanlardakı çıxışı ilə daha çox tanınan və hazırda klub sahibi olan bir neçə məşhur simanı təqdim edirik.

Devid Bekhem – “İnter Mayami”
Klub sahibi olan sabiq futbolçu dedikdə ilk ağla gələn Devid Bekhemdir. İngiltərəli canlı əfsanə ABŞ-da “İnter Mayami” klubunu qurub və həmin komanda ötən il MLS-də debüt edib. Bekhem tez-tez açıqlamalarında dünya ulduzlarını komandasına cəlb etməyin xəyallarını qurduğunu deyir. Təsadüfi deyil ki, yaşlı məşhurların bir çoxunun adı “İnter Mayami” ilə birgə hallanır.

Ronaldo – “Valyadolid”
Braziliyanın unudulmaz futbolçusu Ronaldo La Liqa klubu “Valyadolid”in səhmlərinin 51 faizinə sahibdir. O, 2018-ci ildən “Valyadolid”in əsas söz sahibidir. Ronaldo bu klubu almasını belə əsaslandırıb: “Futbol mənim ən böyük sevgimdir, ondan qopa bilməzdim. Yeni rəqabət lazım idi”.

Eden Azar, Demba Ba, Yohan Kabay, Mussa Sou – “San Dieqo 1904”
Adıçəkilən tanınmış futbolçular ABŞ-ın San Dieqo şəhərində “San Dieqo 1904” adlı klub yaradıblar. Komanda Şimali Amerika Futbol Liqasında (NASL) mübarizə aparır.

Didye Droqba – “Finiks Rizinq”
Azərbaycan millisinin hücumçusu hazırda Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rizinq” 2017-ci ildə Didye Droqbanı heyətinə cəlb edib. Fil Dişi Sahilidən olan ulduz futbolçu əslində həmin vaxt klubu almışdı. Yəni Droqba bir növ öz komandasında oynayırdı. O, Milli Futbol Liqasında (USL) çıxış edən klubun səhmdarlarından biridir.

Rayan Giqqz, Pol Skoulz, Qari Nevill, Fil Nevill, Niki Bat – “Salford  Siti”
“Mançester Yunayted”in möhtəşəm heyətində yer alan 5 futbolçu İngiltərə klubu “Salford  Siti”nin sahibləridir. Onların hər biri klubda bərabər səhmə sahibdir. Komanda ölkənin ikinci liqasında çıxış edir.

Paolo Maldini – “Mayami”
Futbol tarixinin ən güclü müdafiəçilərindən sayılan Maldini də ABŞ-da klub sahibi olanlardandır. “Mayami”nin hissələrinin 50 faizinə sahib olan Maldini bir ara komandanın baş məşqçi postuna sabiq komanda yoldaşı Alessandro Nestanı gətirib.